Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov İctimai telekanalın “Carçıfilm” studiyasının çəkdiyi “Qarabağnamə” adlı çoxseriyalı bədii televiziya filminə quruluş verir. Artıq filmin çəkilişləri başlayıb.
   Rejissor başa çatan ilin yekunlarından da danışdı: “Gənc Tamaşaçılar Teatrı bu il Belarusda, İranda, Birləşmiş Ərəb Əmirliklərində festivallarda uğurla iştirak etdi. Planda nəzərdə tutulan 7 tamaşa təhvil verilib və plandan əlavə 3 tamaşa da hazırlanıb. Bu həm uşaq, həmçinin böyüklər üçün nəzərdə tutulmuş tamaşalardır.
   2013-cü ildə 8 tamaşa hazırlamağı planlaşdırırıq. Həmçinin iki beynəlxalq layihəmiz var. ASSİTEJ-in baş katibi, xorvatiyalı İvitsa Simic teatrımızda Aleksey Tolstoyun “Qızıl açar və ya Buratinonun sərgüzəştləri” əsərini səhnələşdirəcək. Ukraynalı rejissor Tatyana Şevçenko isə “Damda yaşayan Karlson” tamaşasını hazırlayacaq. İlk dəfə olaraq Azərbaycan teatrında İsveç dramaturgiyasına müraciət olunacaq. Lars Norenin “Müharibə” pyesi səhnələşdiriləcək. Həmçinin ikinci səhnəmiz olan “Çardaq”da gənc rejissorların tamaşaları olacaq”. 

   Reyhan