İyunun 20-də Azərbaycan Xalça Muzeyində “Mədəni sənaye sahələrində investisiyaların əhəmiyyəti və gənclər arasında işsizliyin azaldılmasında onun rolu” mövzusunda seminar keçirildi. Seminar Mədəniyyət Nazirliyi və İSESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının birgə təşkilatçılığı ilə reallaşdı.
Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq sektorunun böyük məsləhətçisi Ramil Abbəkirov çıxış edərək seminarın “İslam mədəniyyətinin paytaxtı Naxçıvan - 2018” tədbiri çərçivəsində keçirildiyini bildirdi. Qeyd etdi ki, tədbirdə ölkəmizdə mədəniyyət və incəsənət sahəsində imkanlar, beynəlxalq təcrübələr, həmçinin məşğulluq imkanları, mədəniyyət sahəsinə investisiya yatırımları, habelə mədəni sənaye və elm tutumlu iqtisadiyyat sahələrində gənclərin bilik və bacarıqlarının artırılması kimi mövzular müzakirə olunacaq.
İSESCO-nun nümayəndəsi Fuad Evayni seminar iştirakçılarını salamladı, təlimin önəmini vurğuladı. Mütəxəssis diqqətə çatdırdı ki, seminar mədəniyyət sahələrinin inkişafına yönəlmiş layihə kimi nəzərdə tutulub. Qeyd olundu ki, gənclər arasında işsizlik yoxsulluq və ekstremizmə məruz qalma kimi hallara yol açır. Müvafiq qurumlar mədəniyyət sahəsinə diqqət ayırmaqla həm işsizliyin aradan qaldırılmasına, həm də mədəni sahənin təşviqinə nail ola bilərlər. Bu mövzu BMT-nin 2030-cu ilədək davamlı inkişaf proqramlarında da əksini tapıb. Azərbaycanda təşkil edilən təlim birbaşa mədəni sənayenin inkişafına xidmət edir.
Sonra seminarda azərbaycanlı təlimçilər – sənətşünas Cahangir Səlimxanov və Əsmər Abdullayevanın mövzu ilə bağlı məruzələri dinlənildi. Kreativ sənayenin inkişafı, mədəni sənaye sahəsində çalışan insanların düşüncə və təkliflərinin reallığı, mədəni sənayenin inkişafına verilən töhfələr, kreativ sənayeyə cəlbetmə yolları, mədəni marketinq kimi məsələlər müzakirə edildi. Həmçinin mədəni istehsalatda istehlakçı və istehsalçı arasında məsafə, istehlakçı marağı, yardımçı peşələrlə bağlı məlumatlar təlim iştirakçılarının nəzərinə çatdırıldı.
Vurğulandı ki, kreativ sənaye və mədəni sənaye mədəniyyət siyasəti strategiyası çərçivəsində inkişaf etdirilməlidir. Seminarın məqsədi də bütün bu sadalanan ideyaları sənətkarlara və bu sahə ilə məşğul olan insanlara çatdırmaqdan ibarətdir.
Qeyd edək ki, iki gün davam edən seminarda mədəni sənayenin inkişafında istedad, ideya, yaradıcılıq, kreativ yanaşmaların əhəmiyyəti, yaradıcı potensialın üzə çıxarılması, mədəni sənayenin inkişaf problemləri, habelə mədəni sənayenin inkişaf etdiyi ölkələrin təcrübəsi mövzularında fikir mübadiləsi aparılıb.
L.AZƏRİ