Prezident İlham Əliyev iyunun 28-də Xalq yazıçısı İmran Qasımovun 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, nasir, dramaturq, ssenarist, Dövlət mükafatı laureatı İmran Qasımov yaradıcılıq axtarışları və bədii tapıntıları ilə Azərbaycan ədəbiyyatı xəzinəsinə töhfə vermiş sənətkarlardandır. Onun uğurlu səhnə təcəssümü tapmış pyesləri Azərbaycan dramaturgiyasının nailiyyətləri kimi dəyərlidir, ssenariləri əsasında çəkilmiş filmlər kinosevərlər tərəfindən bu gün də rəğbətlə qarşılanmaqdadır.

Sərəncamda Mədəniyyət Nazirliyinə, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təkliflərini nəzərə almaqla, Xalq yazıçısı İmran Qasımovun 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

***

Dövlət başçısının iyunun 23-də imzaladığı sərəncama əsasən Azərbaycan xalqının qəhrəman oğlu, əfsanəvi partizan, II Dünya müharibəsində antifaşist müqavimət hərəkatının nümayəndəsi, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyi qeyd olunacaq.

Müdafiə Nazirliyinə Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyi ilə birlikdə Mehdi Hüseynzadənin 100 illiyinə dair tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.