Bakıda İran mədəniyyəti günlərinin açılış mərasimi oldu

İyunun 27-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında İran mədəniyyəti günlərinin rəsmi açılış mərasimi keçirildi.

Mərasimdə Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev, İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Seyid Abbas Salehi, digər rəsmilər, eləcə də iki ölkənin mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Tədbirdə əvvəlcə iki ölkənin dövlət himnləri səsləndirildi.

Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək İran və Azərbaycan arasında qarışlıqlı mədəni əlaqələrin inkişafından danışdı. Bildirdi ki, xalqlarımızı bir-birinə daha da yaxınlaşdıran memarlıq, xalq yaradıcılığı nümunələri, ədəbiyyat və təsviri sənət kimi mədəni irs sahələri var. Bu sahələrdə birgə layihələrin həyata keçirilməsi əməkdaşlığın əsas istiqamətini təşkil edir. Azərbaycan-İran mədəni əlaqələrində teatr sahəsi də önəmli yer tutur. Ölkəmizin teatrları hər il İranda keçirilən beynəlxalq festivallarda uğurla iştirak edirlər. Eyni zamanda İran teatrları da ölkəmizə səfərlər edir, bu yaxınlarda qonşu ölkə Şəkidə “Sərhədsiz teatr” beynəlxalq festivalında təmsil olundu. İki ölkənin milli kitabxanaları arasında sıx əməkdaşlıq məmnunluq doğurur: “Bu gün iki ölkənin əməkdaşlığında əlamətdar hadisə yaşanır, ölkəmizdə İran mədəniyyəti günləri keçirilir. Belə tədbirlərin reallaşdırılması iki ölkənin dövlət başçılarının təşəbbüsü əsasında gerçəkləşir. İran və Azərbaycan mədəniyyətləri tarixən bir-birinə yaxın olub. İran sənətçilərinin Azərbaycanda, Azərbaycan sənətçilərinin də İranda çıxışları adi hal alıb. Bu da bizim mədəniyyətlərimizin yaxınlaşmasına daha geniş zəmin yaradır. Budəfəki mədəniyyət günlərində İran sənətçiləri Bakı və Gəncədə maraqlı çıxışları ilə insanların zövqünü oxşayacaq. İnanıram ki, bu tədbirlərdən sonra iki dövlətin mədəniyyət sahəsində əməkdaşlıq əlaqələri daha da inkişaf edəcək, mədəni mübadiləyə geniş təkan verəcək”.

Əbülfəs Qarayev ötən ilin yayında İranda Azərbaycan mədəniyyəti günlərinin də uğurla keçirildiyini xatırlayaraq, İranın mədəniyyət günlərinin də ölkəmizdə yüksək səviyyədə gerçəkləşəcəyini dedi.

İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Seyid Abbas Salehi bildirdi ki, iki ölkə arasında mədəni əlaqələrin inkişafı üçün böyük potensial var. Bizi birləşdirən mədəni və tarixi köklər, hazırda ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olması, ölkə rəhbərlərinin çoxsaylı görüşləri, dövlətlər arasında imzalanan sazişlər ikitərəfli əlaqələrin inkişafına, o cümlədən mədəni əməkdaşlığa mühüm zəmin yaradır: “Hər iki dövlətin qədim mədəniyyətə malik şəhərləri var. Bu şəhərlərdə dünyanın nadir mədəni, tarixi abidələri yerləşir. Bizim dinimizdə, mədəniyyətimizdə bir-birinə bağlı olan onlarla maddi-mədəniyyət nümunələri mövcuddur. Bunlar keçmişimizi və bu günümüzü gələcəyə birləşdirən mədəniyyətdir. Mədəni əlaqələrimizin inkişafı qarşılıqlı tədbirlərin reallaşması üçün baza rolunu oynayır. Dövlətlərimizin başçıları mədəni əlaqələrimizin daha da inkişafına dəstək olurlar. İnanıram ki, bundan sonra da bu əlaqələr inkişaf edəcək”.

Mərasimdə daha sonra tanınmış dirijor Firudin Şəhbarianın bədii rəhbərliyi ilə İran Milli Orkestrinin konsert proqramı təqdim olundu.

Fariz HÜSEYNOV