Bir sinema pərdəsidir gözümdə,
Tək oturub, seyr edərəm özüm də…
Kino hisləri, arzuları izah etmək üçün ən yaxşı vasitədir deyirlər. 120 yaşlı Azərbaycan kinosunun tarixinə nəzər salanda ekran sənətimizin bunu nə dərəcədə gerçəkləşdirə bildiyinin şahidi oluruq. Azərbaycanda kino sənətinin yaranması da, əslində, arzuların gerçəkləşməsi idi...
Film kimi arzular – kinomuzun tarixindən bu günə
Hər şey arzudan doğur. Arzu varsa, məqsəd var, məqsəd varsa, nəticə var. 120 il əvvəl Bakıda ilk kino nümayişini təşkil edən Aleksandr Mişon kim idi, buraya niyə gəlmişdi? Kinomuzun gerçək yaşını necə öyrəndik?
Bu yerdə kino tariximizin yorulmaz tədqiqatçısı, Əməkdar incəsənət xadimi Aydın Kazımzadəni dinləyək. Çünki məhz onun tədqiqatları Azərbaycanda kinonun 1898-ci ildə yarandığını üzə çıxarıb: “Aleksandr Mişon 25 il Bakıda yaşayıb. Burada fotoatelyesi olub. Atelyedə filmlər çəkib. Dövlət arxivinə gedib Mişonun çəkdiyi neqativləri araşdırdım. Bütün neqativləri düzüb tarixlərə baxırdım ki, görüm onun filmləri neçənci ildən başlanır. Artıq 1879-cu ildən neqativlərin üzərində onun adının getdiyinə şahid oldum. Demək, həmin ildə Mişon Bakıda olub. Maraqlı faktlardan biri də budur ki, A.Mişon 1900-cü ildə Parisdə keçirilən Dünya sərgisində iştirak edib. Həmin sərgidə Lümyer qardaşları onun filmlərini alıblar. Onlar öləndən sonra varidatları dövlət arxivinə təhvil verilib...”
Azərbaycan Dövlət Film Fondu Dünya Arxivlər Cəmiyyətinin üzvü olduğu üçün araşdırmalar nəticəsində Fransada “Bibiheybətdə yanğın” və “Balaxanıda neft fontanı” filmləri aşkar edilir. Lentlərin üzərində 1898-ci il yazılmışdı... Bu gün Azərbaycan kinosunun tarixi 1898-ci ilin 2 avqust tarixindən hesablanır və ulu öndər Heydər Əliyevin 2000-ci il dekabrın 18-də imzaladığı sərəncama əsasən, bu tarix kino işçilərimizin peşə bayramına çevrilib.
Aydın müəllim deyir ki, Azərbaycan kino sənətinin inkişafının sovetləşmədən sonra başlaması təsadüfi deyildi: “Bu, 1917-ci il inqilabından sonra sovet dövlətinin qurucusu Leninin kinoya verdiyi önəm ilə bağlı idi. O, deyirdi: “İnqilabın qələbəsini insanların beyninə yeritmək üçün ən yaxşı vasitə kinodur. Özü də sənədli filmlər”. Bu səbəbdən də planlı şəkildə bütün sovet respublikalarında olduğu kimi bizdə də 1923-cü ildə kinostudiya yaradıldı. Kinostudiyada sənədli və bədii filmlər çəkilməyə başlandı. Kinostudiyanın yaradılması ilə yerli kadrlarımız yetişməyə başladı...”
Azərbaycan kinosu sovet dövründə, bütün stereotiplərə, bu sahədə güclü ideoloji nəzarətə rəğmən, zəngin inkişaf yolu keçib, bədii yöndən mükəmməl ekran əsərlər ərsəyə gəlib. Ötən əsrin 90-cı illərində Azərbaycanın üzləşdiyi çətinliklər, mədəniyyətin digər sahələri kimi, kinodan da yan keçmədi. 2000-ci illərin əvvəlləri kino sənətimizdə inkişaf, yeni axtarışlar, o cümlədən milli vətənpərvərlik, tariximiz, Qarabağ mövzularının ekranda daha geniş əksini tapdığı dövr başlandı. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli sərəncamı ilə təsdiq olunan “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” buna əsaslı zəmin yaratdı.
Milli kinonun son nailiyyətləri
Milli kinomuzun retro ekran əsərləri tamaşaçıların indi də sevdiyi filmlər sırasındadır. Yaşlı və orta nəslin nümayəndələri illər əvvəl çəkilən filmlərə böyük maraq və nostalgiya hissi ilə baxır. Ancaq su bir yerdə dayana bilmədiyi kimi, kino sənətimiz də inkişafdan qala bilməz. Kino mərkəzləri, kinoteatrlar yenidən qurulur, kino sənayesinin inkişafı üçün bütün istiqamətlərə yol açılır, istehsal mexanizmi müasirləşir. Özəl kinostudiyalar fəaliyyət göstərir, “Azərbaycanfilm” kinostudiyasının nəzdində əlavə studiyalar işləyir. Filmlərin festivallarda iştirakı, gənc rejissorlara yaşıl işığın yanması, layihələrin ərsəyə gəlməsi – bütün bunlar Azərbaycan kinosunun uğurları sırasındadır. Ölkəmizdə keçirilən festivallar, bura gələn xarici kino mütəxəssisləri, ustad dərsləri və s. kinomuzun yüksəlişindən xəbər verir.
Təxminən son on ildə dövlət büdcəsindən ayrılmış vəsait hesabına 40-dan çox tammetrajlı bədii, 50-dən çox qısametrajlı bədii, 200-dək sənədli, habelə 20-dək cizgi filmi çəkilib. O cümlədən dövlət sifarişi ilə Qarabağ mövzusunda 9 bədii film lentə alınıb, “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən 70-dən çox sənədli film ərsəyə gətirilib. Müqayisə üçün deyək ki, 1996-2005 illərdə cəmisi 16 tammetrajlı və 4 qısametrajlı bədii film çəkilmişdi.
Azərbaycan filmləri 150-dən çox beynəlxalq festivalda iştirak edib. Bu festivalların 50-dən çoxundan mükafatlar almışıq. Son illərin ekran əsərlərindən “Azərbaycanfilm”də istehsal olunmuş “Çölçü” (rejissor Şamil Əliyev) indiyədək 30-dan çox beynəlxalq kinofestival və forumlarda nümayiş olunub, mükafatlar qazanıb. Rafiq Əliyev və Cavid Təvəkkülün «Dərs», Mirbala Səlimlinin «Qırmızı bağ», rejissor İlqar Nəcəfin “Nar bağı”, Elçin Musaoğlunun “Nabat” bədii filmi və digər filmlər dəfələrlə festivallarda qalibiyyət qazanıblar.
Azərbaycan kinosunun inkişafı və təbliğində Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələri də xüsusi qeyd etməliyik. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın təşəbbüsü və himayəsi ilə 2011-2016-cı illərdə dünyanın ən nüfuzlu kino festivalı olan Kann Film Festivalında ölkəmizi təmsil edən xüsusi pavilyon fəaliyyət göstərib. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə milli mədəniyyətimizi, tariximizi əks etdirən bədii və sənədli filmlər lentə alınaraq ölkəmizlə yanaşı beynəlxalq arenada təqdim olunub.
15 sentyabrda kino mövsümü başlayır…
Kinoya dövlət dəstəyi ilə yanaşı, milli kinomuza ictimaiyyətin əvvəlki sevgisini qaytarmaq məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən mühüm tədbirlər həyata keçirilir. 120 illik yubileyini qeyd etdiyimiz Azərbaycan kinosunun bu gün təbliğata daha çox ehtiyacı var.
2017-ci ildə ilk dəfə olaraq nazir Əbülfəs Qarayevin imzaladığı əmrə əsasən, 15 sentyabrda ölkəmizdə kino mövsümünün başlanması kimi bir tarixin əsası qoyuldu. Bakıda və ölkənin şəhər və rayonlarındakı Heydər Əliyev mərkəzləri də daxil olmaqla 240-dan çox mədəniyyət müəssisəsi müntəzəm şəkildə filmlərin nümayişinə başladı. Həmçinin özəl kinoteatrların gündəlik repertuarlarında milli filmlər üçün seanslar ayrıldı. Bu addım kinoya maraq, milli kinonun cəmiyyətdə populyarlığını özünə qaytarmaq üçün atılan ən gözəl addım oldu.
Gəncləşən kinomuzun perspektivləri
Hazırda kino sahəsində Azərbaycan Prodüserlər Gildiyası, Kinorejissorlar Gildiyası və Kinoaktyorlar Gildiyası kimi təşkilatlar fəaliyyət göstərir. Onların yaradılmasında məqsəd sənətçiləri bir mərkəzdə birləşdirmək, yaradıcılıq potensiallarının üzə çıxarılmasına köməklik göstərməkdir. Bu təşkilatlarda gənclər də yaxından iştirak edir, müzakirələr və diskussiyalar, yaradıcılıq görüşlərində öz fikirlərini çəkinmədən demək imkanı qazanırlar.
Milli kinoya gənc mütəxəssislərin cəlb olunması zərurətini nəzərə alaraq müxtəlif səpkili və formalı müsabiqələr təşkil olunub. Mədəniyyət Nazirliyinin “Bu meydan, bu ekran” müsabiqələrinin qalib layihələri əsasında müstəqil prodüser mərkəzlərində nazirliyin dəstəyi ilə 23 qısametrajlı film çəkilib. Nazirlik, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı mütəmadi olaraq bu layihələri davam etdirir. Dünyanın müxtəlif ölkələrində yaşayan kino təhsilli azərbaycanlı gənclər “Azərbaycanfilm” kinostudiyasına dəvət edilib. Son illər ərzində on gənc kinematoqrafiya üzrə təhsil almaq üçün nazirlik tərəfindən Rusiya, Türkiyə, Kanada və İngiltərəyə göndərilib. 2017-ci ildə Ümumrusiya Kinematoqrafiya Universiteti ilə danışıqlar nəticəsində Mədəniyyət Nazirliyinin vəsaiti hesabına azərbaycanlı gənclərin bir neçəsinin kino ixtisası üzrə bakalavr səviyyəsində təhsil almaq üçün Rusiyaya göndərilməsi də bu sıradandır. Kinonun hər zaman peşəkarlara ehtiyacı var. Bu sahədə yeni nəslin formalaşmasında təhsilli, müasir baxışlı gənclərin də öz rolu var.
Azərbaycanda kino sənayesinin böyük potensialı var və biz bu ənənəni qoruyaraq, Azərbaycan kino sənayesinin inkişafını təmin edərək, milli kinomuzun şöhrətini özünə qaytarmalıyıq. Bu gün kinonun qarşısında duran əsas məqsəd istehsal prosesinin düzgün qurulması və tənzimlənməsi, yarımçıq filmlərin tamamlanması, yaradıcı və texniki potensialımızın müəyyənləşdirilməsi və inkişaf etdirilməsidir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Heydər Əliyev Fondunun dəstəyi ilə Buzovnada fəaliyyət göstərən 5 nömrəli texniki peşə məktəbində kino mütəxəssislərinin hazırlanması üçün hər bir şərait mövcuddur. Kino elə bir sahədir ki, burada səs, rəng, aktyor, operator, rejissor işi – hər bir detalda kiçik zəiflik ümumi kompozisiyada çox böyük mənfi təsir göstərə bilir. Burada təhsil alan gənclərə master-klaslar təşkil edilməli, xaricdən mütəxəssislər dəvət edilməli, xaricdə kino şirkətlərinə təcrübə keçməyə göndərilməlidirlər. Azərbaycan multikultural, tolerant ölkə kimi tanınır. Ölkəmizin bu imici, gözəl təbiəti, mədəni müxtəlifliyi kino sənayesinin inkişafı üçün hər cür şərait yaratmağa qadirdir. Xarici kino şirkətlərini ölkəmizə cəlb etmək, qonşu ölkələrin müasir günlə ayaqlaşan kino siyasəti və təcrübəsindən bəhrələnməklə Azərbaycan kinosu da dünya miqyasında tanına bilər. Dəfələrlə ölkəmizdə səfərdə olmuş polşalı kinomütəxəssislər, 2015-ci ildə iki dəfə Bakıda həmkarları ilə görüşən Rusiya Kinematoqrafçılar İttifaqının sədri və Rusiya Mədəniyyət Fondunun prezidenti, kinorejissor Nikita Mixalkov Azərbaycanın kino potensialını yüksək qiymətləndirib.
Kinonun gələcək inkişafında müxtəlif ölkələrin kino mütəxəssisləri ilə yaradıcılıq əlaqələrinin yaradılması, təcrübə mübadiləsinə kömək göstərmək məqsədi daşıyan Yay kino akademiyası, təhsil layihələrinin təşkili də öz müsbət təsirini göstərə biləcək amillərdəndir.
Lalə AZƏRİ
Yazı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə keçirdiyi müsabiqəyə təqdim edilir.