İçərişəhərdəki “NUR Art House” qalereyasında Qazax rayonunda yaşayıb-yaradan rəssam Nəcməddin Hüseynovun “Rəng, cizgi, insan” adlı sərgisi davam edir.

Qalereya bu dəfə qapılarını təbiətin gözəlliklərini, insan xarakterinin özəlliklərini incə cizgilərlə kətan üzərinə köçürən müəllifin pərəstişkarlarının və sənətsevərlərin üzünə açıb. 

Sərginin açılışında qalereyanın rəhbəri Röya Tağıyeva, sənətşünas Ziyadxan Əliyev, rəssamlar Arif Hüseynov, Oqtay Əliyev, Nəvai Mətin çıxış edərək Nəcməddin Hüseynovun yaradıcılığı haqqında düşüncələrini bildiriblər.

1955-ci ildə Qazax rayonunun Çaylı kəndində doğulan rəssamda rənglərlə ünsiyyətə həvəs uşaqlıqdan başlayıb. Nənəsinin toxuduğu xalçaların naxışları, vurduğu ilmələr sanki onun gələcək həyatının butasına çevrilir. O, 1981-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib.

N.Hüseynovun istər kağız, karton, istərsə də kətan üzərində çəkdiyi bütün işləri, qum, tüstü, bəzən şəkər tozu və meyvə şirəsi ilə araya-ərsəyə gətirdiyi əsərləri onun qeyri-adi energetikasının və fantaziyasının daşıyıcılarıdır. Şam tüstüsünün hisindən yaranan əsərlər Azərbaycan incəsənətində bir ilk olmaqla yanaşı, həm də yaratdığı obrazlara sanki şamın mahiyyətindən irəli gələn ayrıca poetik-fəlsəfi məzmun verir.

Rəssamın 2000-dən artıq əsəri var. Bura abstrakt, qrafika, xüsusilə karikatura, portret və s. janr və üslublarda işlənmiş əsərlər daxildir.

S.QALİBOĞLU