2018-ci ilin “İslam mədəniyyəti paytaxtı” Naxçıvanda İSESCO-nun “Yaşıl şəhər strategiyası”nın həyata keçirilməsi ilə bağlı ekspertlərin görüşü keçirilib.
Şəhər İcra Hakimiyyətində muxtar respublikanın zəngin təbiətini özündə əks etdirən kitablardan, şəkil və bukletlərdən ibarət sərgiyə baxışdan sonra birinci texniki sessiya olub.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Yaşıl şəhər strategiyası” üzrə eksperti Araz Bağırlı çıxış edərək ölkəmizdə və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanda bu istiqamətdə həyata keçirilən tədbirlərdən söz açıb.
İSESCO-nun eksperti Foued El Aynı görüşün məqsədi, gözlənilən nəticələr barədə danışıb, yüksək qonaqpərvərlik üçün minnətdarlığını bildirib.
Muxtar respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Azər Məmmədov “Naxçıvanın ekoloji mühitinin qorunması” mövzusunda çıxış edib.
Bildirilib ki, Naxçıvan şəhərində hələ keçmiş zamanlardan kütləvi yaşıllıq sahələrinin qorunduğu ərazilər mövcuddur. El arasında “Böyük bağ” adlanan ərazidə iki əsrə şahidlik edən yüzlərlə ağac var. Əcəmi seyrəngahında da yaşı çox olan ağaclara rast gəlmək mümkündür. Son illər hər iki ərazidə abadlaşdırma tədbirləri ilə yanaşı, yeni ağacların əkilməsinə də diqqət xeyli artırılıb. Ümumilikdə muxtar respublikanın ümumi ərazisinin 14 faizə qədəri yaşıllıqlarla örtülüb. Naxçıvan şəhəri ərazisində 850 hektara yaxın (yaxud adambaşına 85 kvadratmetr) yaşıllıq var. Yaradılan infrastruktur, yeni tikililər ətrafında yaşıllıqların salınması, təbiətə dövlət qayğısı, alternativ bərpaolunan enerji ehtiyatlarından səmərəli istifadə edilməsi kimi amillər Naxçıvanın dünyada “yaşıl şəhər” kimi ön sıralarda yer alacağına əminlik yaradır.
Sonra Misir Ərəb Respublikasının “Yaşıl şəhər strategiyası” üzrə eksperti Mohsen Abouelnaga İSESCO-nun “Yaşıl şəhərlər və onların davamlı inkişaf məqsədlərinin əldə olunması ilə əlaqəsi üzrə Fəaliyyət Planı layihəsi”nin təqdimatını edib.
İkinci sessiyada üzv ölkələrin – Azərbaycan, Türkiyə, Özbəkistan və Tacikistanın təcrübələrinin təqdimatı olub, müzakirələr aparılıb, tövsiyələr səsləndirilib.
İyunun 22-də “Yaşıl şəhərlər” üzrə İSESCO-nun Fəaliyyət Planı layihəsinin panel müzakirələri keçirilib.