Azərbaycan

27 iyun 1924 - Xalq artisti Məlik Yusif oğlu Dadaşov (1924 - 3.12. 1996) Bakıda anadan olub. 1950-ci ildən Akademik Dram Teatrında çalışıb. Teatr və televiziya tamaşalarında, “Dəli Kür”, “İyirmialtılar”, “Birisigün gecə yarısı”, “Axırıncı aşırım”, “O dünyadan salam”, “Fəryad” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

27 iyun 2013 - Xalq artisti Siyavuş Məmmədağa oğlu Aslan (5.9.1935 - 2013) vəfat edib. Musiqili Komediya Teatrında, 1984-cü ildən Milli Dram Teatrında çalışıb. Filmləri: “Əhməd haradadır?”, “Romeo mənim qonşumdur”, “Ulduz”, “Yol əhvalatı”, “Bəyin oğurlanması”, “Yuxu” və s.

 

28 iyun 1842 - Maarifçi, alim, publisist Həsən bəy Zərdabi (1842-1907) anadan olub. 1875-ci ildə «Əkinçi» qəzeti ilə Azərbaycanda milli mətbuatın əsasını qoyub. Moskva Universitetini namizədlik diplomu ilə bitirən ilk müsəlman, Bakı gimnaziyasının ilk müsəlman müəllimi, Azərbaycanda müsəlman xeyriyyəçilik hərəkatının banisi (“Cəmiyyəti-xeyriyyə”, 1872) olub.

28 iyun 1914 - Xalq artisti Barat Həbib qızı Şəkinskaya (1914 - 14.1.1999) Şuşada doğulub. 1935-ci ildən Akademik Dram Teatrında çalışıb. “Görüş”, “O olmasın, bu olsun”, “Qızmar günəş altında”, “Onun bəlalı sevgisi” və s. filmlərdə maraqlı obrazlar yaradıb.

28 iyun 1925 - Xalq artisti Gülağa Allahverdi oğlu Məmmədov (1925 - 7.6.1994) anadan olub. 40 ildən çox Azərbaycan Televiziya və Radiosu Səid Rüstəmov adına xalq çalğı alətləri ansamblının solisti olub. “Dəli Kür”, “Sən niyə susursan” və s. filmlərdə mahnıları ifa edib.

28 iyun 1935 – Xalq artisti, professor Ağakişi Şəmməd oğlu Kazımov Ağcabədi rayonunda doğulub. Musiqili Komediya, Opera və Balet, Gənc Tamaşaçılar, Milli Dram teatrlarında rejissor işləyib. Mədəniyyət və İncəsənət Universitetində dərs deyib. “Yük” bədii filmində (Hacı Zeynalabdin Tağıyev) çəkilib.

 

29 iyun 1913 - Xalq şairi Nigar Xudadat bəy qızı Rəfibəyli (1913 - 7.10.1981) Gəncədə anadan olub. Lirik şeirləri ilə XX əsr Azərbaycan poeziyasını zənginləşdirib, F.Şillerin, A.Çexovun pyeslərini E.Voyniçin «Ovod» romanını; A.Puşkin,  M.Lermontov və başqa rus şairlərin şeirlərini Azərbaycan dilinə çevirib.

29 iyun 1944 - Şair, Əməkdar incəsənət xadimi Çingiz Əlioğlu (Çingiz Əli oğlu Əliyev) Füzuli şəhərində doğulub.

 

30 iyun (yeni təqvimlə 12 iyul) 1812 - Mütəfəkkir yazıçı, dramaturq, şair Mirzə Fətəli Axundzadə (1812 - 10.3. 1878) Şəkidə anadan olub. Yaradıcılığa şeirlə başlayıb, “Puşkinin ölümünə Şərq poeması” (1837) ilə məşhurlaşıb. 1850-1855-ci illərdə yazdığı 6 komediya (“Molla İbrahimxəlil kimyagər”, “Müsyö Jordan və dərviş Məstəli şah”, “Lənkəran xanının vəziri”, “Xırs-quldurbasan”, “Hacı Qara”, “Mürafiə vəkilləri”) ilə milli dramaturgiyamızın, 1857-ci ildə qələmə aldığı “Aldanmış kəvakib” povesti ilə realist Azərbaycan nəsrinin təməlini qoyub.

30 iyun 1934 - Azərbaycan Bəstəkarlar İttifaqı yaranıb. Asan Refatov ittifaqın idarə heyətinin sədri seçilib. Krım tatarı olan A.Refatov 1926-cı ildə Bakıya gələrək Azərbaycan Dövlət Konservatoriyasında təhsil almış, burada dərs demiş, 1931-ci ildə təhsil ocağının prorektoru təyin edilmişdi. O, Bəstəkarlar İttifaqına bir il rəhbərlik edib, 1937-ci ildə repressiya olunub.

30 iyun 1952 - Yazıçı-dramaturq, filosof, tərcüməçi Firuz Mustafa (Firuz Qədimalı oğlu Mustafayev) anadan olub.

 

Dünya

27 iyun 1940 - Aktyor, müğənni, Rusiyanın Xalq artisti Boris Xmelniski (1940-2008) anadan olub. “Robin Qudun oxları”, “İgid cəngavər Ayvenqo” və s. filmlərdə çəkilib.

27 iyun 1941 - Polşa kinorejissoru Kşiştof Keslovski (1941-1996) anadan olub. “Həyatın rəngləri”, “Dekaloq” və s. filmlərin müəllifidir.

28 iyun 1577 - Niderland (flamand) rəssamı Piter Paul Rubens (Peter Paul Rubens, 1577-1640) anadan olub. Mifoloji və dini mövzuda bir çox əsərlərin müəllifidir. Portret və peyzaj ustası kimi də tanınıb.

28 iyun 1712 - Fransız yazıçısı və mütəfəkkiri, maarifçi Jan-Jak Russo (Jean-Jacques Rousseau; 1712-1778) anadan olub. “Yeni Eloiza”, “Emil” romanları, “İctimai müqavilə”, “Düşüncələr” və s. fəlsəfi əsərlərin müəllifidir.

28 iyun 1867 - İtalyan yazıçı-dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1934) Luici Pirandello (Luigi Pirandello; 1867-1936) anadan olub. Əsərləri: “Mərhum Mattia Paskal”, “Qocalar və cavanlar” (roman), “Liola”, “Hər kəs özünə görə”, “IV Henrix” (pyes) və s.

28 iyun 1945 – Türk aktrisası Türkan Şoray İstanbulda doğulub. Kinoda debütü 1960-cı ildə edib, 200-dən çox ekran əsərində rol alıb. Məşhur filmləri: “Acı həyat”, “Məhbus”, “Bir eşq uğruna”, “Məhəbbətim mənim, kədərim mənim” (sovet-türk filmi, rejissor Əjdər İbrahimov), “Arım, balım, pətəyim” və s.

 

29 iyun 1798 - İtalyan şairi, filosof Cakomo (Giacomo) Leopardi (1798-1837) anadan olub.

29 iyun 1900 - Fransız yazıçısı, şair Antuan de Sent-Ekzüperi (Antoine Marie Roger Vicomte de Saint-Exupery; 1900-1944) anadan olub. Peşəkar təyyarəçi olub. “Gecə uçuşu”, “Külək, qum və ulduzlar”, “Hərbi təyyarəçi”, “Balaca şahzadə”, “Qəsr” romanları və s. əsərlərin müəllifidir.

  

30 iyun 1789 - Fransız rəssamı Horas Verne (Horace Emile Jean Vernet; 1789-1863) anadan olub. Müharibə mövzusunda tabloların müəllifi və portret ustası kimi tanınıb.

30 iyun 1911 - Polyak şairi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1980) Çeslav Miloş (Czeslaw Milosz, 1911-2004) anadan olub.

30 iyun 1918 - Amerika kinoaktrisası Süzen Heyuord (Susan Hayward, əsl adı Edythe Marrenner; 1918-1975) anadan olub. “Oskar” mükafatı (“Mən yaşamaq istəyirəm”, 1958) alıb.

Hazırladı:  Vüqar ORXAN