Ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirə keçirilib

İyulun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirə keçirilib.

Dövlət başçısı müşavirəni açaraq diqqətə çatdırıb ki, iyulun 3-də Mingəçevirdəki İstilik Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində ölkəmizin enerji təchizatında ciddi problemlər yaranıb. Görülmüş operativ tədbirlər nəticəsində enerjinin verilməsi bərpa edilib. Məsələni araşdırmaq üçün Dövlət Komissiyası yaradılıb. Komissiya qəzanın səbəblərini aşkar etməklə bərabər, hadisə ilə bağlı günahkarları müəyyən etməli, gələcəkdə belə qəzaların təkrarlanmaması üçün tədbirlər planı hazırlamalıdır.

Qeyd olunub ki, ölkənin ən böyük energetika müəssisələrindən birində ard-arda iki dəfə qəzanın baş verməsi və nəticədə ölkənin bir neçə saat ərzində elektrik təchizatından məhrum olması ciddi şəkildə araşdırılmalıdır: “Son 15 il ərzində Azərbaycanda onlarla yeni elektrik stansiyası istifadəyə verilmişdir. 2500 meqavat gücündə yeni elektrik stansiyaları tikilmişdir. Bizim enerji potensialımız hazırda 6400 meqavata bərabərdir. Bakı, Sumqayıt, Şirvan şəhərlərində, Astara, Xaçmaz, Şəki, Quba rayonlarında yeni elektrik stansiyaları tikilmişdir. Eyni zamanda, bölgələrdə su elektrik stansiyaları yaradılmışdır. Yəni, biz çalışırdıq ki, enerji sisteminin dayanıqlılığı təmin edilsin. Ancaq bir qəza nəticəsində demək olar ki, bütün enerji sistemi sıradan çıxdı. Bu məsələ çox ciddi suallar yaradır. Bu qəza nəticəsində insanlara böyük əziyyət verildi, iqtisadiyyata böyük ziyan vuruldu. Düzdür, həm birinci, həm ikinci dəfə operativ tədbirlər nəticəsində enerjinin verilməsi bir neçə saat ərzində bərpa edildi. Dünyanın hər bir ölkəsində heç kim qəzadan sığortalı deyil. Ancaq qəza lokal xarakter daşımalıdır. Bir stansiyada baş vermiş qəza bütün enerji sistemimizə çox böyük zərbə vurdu. Ona görə, çox ciddi araşdırmalar aparılmalıdır, günahkarlar məsuliyyətə cəlb edilməlidir. Elə bir tədbirlər planı hazırlanmalıdır ki, gələcəkdə biz bu qəzalardan və qəzaların törədə biləcəyi fəsadlardan özümüzü qoruya bilək”.

Prezident qəza zamanı müvafiq dövlət orqanlarının peşəkarlıq göstərməsini xüsusi qeyd edib. Bildirilib ki, vətəndaşlar böyük əziyyət görsə də, heç bir ağır hadisə baş verməyib.

“Onu da qeyd etməliyəm ki, Azərbaycan vətəndaşları bu məsələ ilə bağlı böyük məsuliyyət, böyük vətəndaş həmrəyliyi göstərmişlər. Bütövlükdə Azərbaycan cəmiyyəti bu çətin sınaqdan şərəflə çıxa bilmişdir. Fürsətdən istifadə edərək, bütün Azərbaycan vətəndaşlarına göstərdikləri dəstəyə, anlayışa və vətəndaş həmrəyliyinə görə təşəkkürümü bildirmək istəyirəm. Bilirəm ki, vətəndaşlar bir-birlərinə kömək göstərmişlər. Bu, bir daha onu göstərir ki, Azərbaycan cəmiyyəti çox yetkin cəmiyyətdir və Azərbaycanda, sözün əsl mənasında, vətəndaş həmrəyliyi mövcuddur”, - deyə dövlət başçısı vurğulayıb.

Müşavirədə Baş nazirin birinci müavini, Dövlət Komissiyasının sədri Yaqub Eyyubov, baş prokuror, fövqəladə hallar, daxili işlər, səhiyyə nazirləri, “Azərsu”, “Azərişıq” və digər qurumların rəhbərləri vəziyyətlə bağlı məlumat veriblər.

Prezident “Azərenerji” tərəfindən anomal isti hava şəraitinin qəzanın səbəbi kimi göstərilməsinin əsassız olduğunu deyib. Vurğulanıb ki, bu, qəzanın səbəbi ola bilməz: “Bizdən də daha isti ölkələr var. Orada belə qəzalar baş vermir. Baş verəndə ölkələrin enerji sistemi çökmür”.

Dövlət başçısı strateji obyektlərdə, o cümlədən metro stansiyalarında generatorların quraşdırılması məsələsinə baxılması barədə tapşırıq verib. Qəza ilə bağlı yaradılmış komissiyaya öz işini tezliklə yekunlaşdırıb, müvafiq təklifləri təqdim etmək tapşırılıb.