Prezident İlham Əliyev iyulun 5-də Sumqayıt Dövlət Dram Teatrının 50 illiyi haqqında sərəncam imzalayıb.
Sərəncamda bildirilir ki, 2018-ci ilin sentyabr ayında Sumqayıt Dövlət Dram Teatrının yaranmasının 50 illiyi tamam olur.
Azərbaycanın zəngin teatr ənənələrinin layiqli davamçısı kimi Sumqayıt Dövlət Dram Teatrı fəaliyyətə başladığı ilk vaxtlardan səmərəli yaradıcılıq axtarışları ilə daim diqqəti cəlb etmiş, klassik və müasir dramaturgiya xəzinəsinin bir sıra qiymətli nümunələrinə ustad sənətkarların yaxından iştirakı ilə yeni quruluşlarda uğurlu səhnə həyatı vermiş və ötən dövr ərzində tamaşaçı auditoriyasının rəğbətini qazanmışdır. Özünün istedadlı aktyor və rejissorlarını yetişdirən Sumqayıt Dövlət Dram Teatrı bu gün ölkənin tanınmış sənət ocaqlarından olub, milli mədəniyyətin ümumi tərəqqisi işinə töhfələr bəxş etməkdədir.
Sərəncamda Mədəniyyət Nazirliyinə Sumqayıt Dövlət Dram Teatrının 50 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.