Azərbaycan Xalça Muzeyi 1-4 iyul tarixində Tbilisidə keçirilən “Cəmiyyətin davamlı inkişafı üçün muzeylər” mövzusunda beynəlxalq forum və regional seminarda təmsil olunub.
Xalça Muzeyindən bildirilib ki, tədbir İCOM Gürcüstan Milli Komitəsi, İCOM Avropa Alyansı, Gürcüstan Muzeylər Assosiasiyasının təşkilatçılığı, İCOM Azərbaycan Milli Komitəsi və Gürcüstanın müvafiq qurumlarının dəstəyi ilə “2018 – Avropa mədəni irs ili” çərçivəsində keçirilib.
Forumda İCOM-un prezidenti Suay Aksoy, İCOM Avropa Alyansının prezidenti Luis Raposo, Avropa Muzeylər Təşkilatları Şəbəkəsinin (NEMO) baş katibi Julia Pagel, Gürcüstan Milli Muzeyinin baş direktoru David Lordkipanidze, İCOM Gürcüstan Milli Komitəsinin sədri İnqa Karaia, İCOM Azərbaycan Milli Komitəsinin sədri, Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova və digər iştirakçılar çıxış ediblər.
Şirin Məlikova forumda “Muzey sahəsi: inkişafın dinamikası” adlı məruzəsində ölkəmizin aparıcı muzeylərinin, Heydər Əliyev Mərkəzi, Azərbaycan Xalça Muzeyi, Milli İncəsənət Muzeyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, Musiqi Mədəniyyəti Dövlət Muzeyinin fəaliyyəti və həyata keçirdiyi yeni layihələr, ictimaiyyətin həyatında muzeylərin rolundan bəhs edib.
Forum çərçivəsində təşkil olunmuş seminarda Azərbaycan Xalça Muzeyi, Heydər Əliyev Mərkəzi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun gənc əməkdaşları da iştirak ediblər.