İyulun 7-də YARAT Müasir İncəsənət Mərkəzi tanınmış Hindistan rəssamı Şilpa Quptanın fərdi sərgisini təqdim edəcək.

YARAT-dan bildirilib ki, sərginin əsasını müxtəlif zamanlarda təqib və həbslərə məruz qalmış 100 şairə ithaf edilən çoxkanallı səs instalyasiyası (100 metal mil üzərindən asılmış 100 mikrofon) təşkil edir. Bu instalyasiya sərgidə nümayiş etdirilən rəsm və heykəltəraşlıq nümunələri ilə yanaşı, bu gün insanların söz və ifadə azadlığı problemlərini ön plana çəkir.

Xüsusi olaraq bu sərgi üçün rəssam özünün “Görmürəm, eşitmirəm, danışmıram” (“Don’t See Don’t Hear Don’t Speak”, 2006) fotoqrafik silsiləsinə yenidən qayıdıb.

Şilpa Quptanın səs instalyasiyası YARAT Müasir İncəsənət Mərkəzi və Edinburq İncəsənət Festivalı tərəfindən birgə sifariş edilib. Sərginin kuratoru Björn Geldhofdur.