“Azərbaycan demək olar ki, bütün ölkələrlə, bütün güc mərkəzləri ilə çox səmərəli, işgüzar, bərabərhüquqlu münasibətlər qura bilmişdir. Bu münasibətlər qarşılıqlı inam, hörmət, bir-birinin işinə qarışmamaq prinsipləri əsasında qurulur. Beləliklə, ölkəmizin uğurlu inkişafı üçün çox gözəl beynəlxalq mühit mövcuddur. Deyə bilərəm ki, bu mühiti biz yaratmışıq. Əminəm ki, bundan sonra da bu istiqamətdə ardıcıl siyasət aparacağıq”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu sözləri iyulun 8-də Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Prezident iclasda söylədiyi giriş nitqində ilin birinci yarısında müxtəlif sahələrdə əldə olunan nəticələrdən və ölkənin ümumi inkişaf perspektivlərindən bəhs edib.

Vurğulanıb ki, beynəlxalq əlaqələrimiz möhkəmləndikcə Azərbaycanın ərazi bütövlüyünə dəstək artır: “Demək olar ki, bir çox ölkələrlə imzaladığımız sazişlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunması tezisi öz əksini tapır. Əməkdaşlıq etdiyimiz beynəlxalq təşkilatlarla da təmaslar əsnasında daim bu mövzu qaldırılır və bizim siyasətimiz böyük dəstək alır”.

Dövlət başçısı ordu quruculuğu sahəsində əldə olunan nailiyyətləri xüsusi qeyd edib. Bildirib ki, bu yaxınlarda Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi münasibətilə keçirilən hərbi paradda ordumuzun potensialının bir hissəsi nümayiş olundu: “Bizim böyük maliyyə ehtiyatlarımız imkan verir ki, istənilən hərbi texnikanı alaq və hazır vəziyyətə gətirək. Bu il büdcəmizə edilən dəyişikliklər, dürüstləşmə, eyni zamanda, ordu xərclərinin artırılmasına istiqamətləndirilib və gələn il də bizim hərbi xərclərimiz çox yüksək səviyyədə olacaqdır”.

Prezident vurğulayıb ki, ölkənin inkişafının təməlində həm düşünülmüş siyasət, həm güclü iradə, eyni zamanda, güclü iqtisadiyyat dayanır. Biz güclü iqtisadiyyat qura bilmişik, bu gün heç kimdən asılı deyilik, özümüz öz taleyimizin sahibiyik və iqtisadi sahədə böyük uğurlar əldə etmişik.

Bu ilin göstəriciləri isə onu deyir ki, əvvəlki illərdə apardığımız islahatlar gözəl nəticələr verir: “Mən bəzi rəqəmləri Azərbaycan ictimaiyyətinə çatdırmaq istərdim. Beləliklə, altı ay ərzində ümumi daxili məhsul 1,3 faiz artmışdır. Hesab edirəm ki, bu, yaxşı göstəricidir. Ondan daha yaxşı göstərici odur ki, qeyri-neft sektorumuz 2 faiz artmışdır. Sənaye istehsalı 1 faiz artsa da, bu da məqbul rəqəmdir. Qeyri-neft sənayemiz 8,8 faiz artmışdır. Bu, onu göstərir ki, qeyri-neft sektoruna qoyulan investisiyalar, sahibkarlara göstərilən dəstək öz bəhrəsini verir”.

Prezident ilin birinci yarısının mühüm hadisələri sırasında may ayında Ələt Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsini, iyunda Cənub Qaz Dəhlizinin rəsmi açılışını xüsusi qeyd edib.

İclasda iqtisadiyyat naziri Şahin Mustafayev, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zakir İbrahimov görülən işlər barədə məlumat veriblər.

Dövlət başçısı yekun nitqində ölkənin inkişaf perspektivləri ilə yanaşı, ayrı-ayrı sahələrdəki problemlərdən də ətraflı söz açıb. Vurğulayıb ki, həyata keçirilən islahatları daha da dərinləşdirməliyik. Elə etməliyik ki, Azərbaycan iqtisadiyyatı uzunmüddətli, gələcəkdə dayanıqlı iqtisadiyyat kimi özünü göstərsin, neftdən, qazdan asılılıq daha da aşağı düşsün və qeyri-neft sektorunun inkişafı sürətlə davam etdirilsin.

Prezident korrupsiyaya, rüşvətxorluğa qarşı bundan sonra da çox ciddi mübarizə aparılacağını deyib: “Biz elə etməliyik ki, korrupsiya hallarının baş verməməsi üçün institusional mexanizmlər işə düşsün. Biz bəzi müsbət meyilləri də görürük. Misal üçün, ictimai xidmətlər sahəsində “ASAN xidmət” korrupsiyadan tam azad bir qurumdur. “ASAN xidmət”ə 20 milyondan çox müraciət olunub və vətəndaşların bəyənmə əmsalı 100 faizə yaxındır. Yəni, bunu etmək mümkündür. Sadəcə, siyasi iradə olmalıdır, bu da var və çox ciddi tədbirlər görülməlidir, o cümlədən cəza tədbirləri görülür və görüləcək. Ancaq onu da deməliyəm ki, bəzi hallarda inzibati cəza tədbirləri işləmir. Ona görə ən ciddi beynəlxalq təcrübə tətbiq edilməlidir. Dünyanın aparıcı ölkələrində bu sahədə hansı yollarla mübarizə aparılırsa, Azərbaycanda da həmin yollarla mübarizə aparılmalıdır. Əlbəttə ki, dövlət xərclərinə nəzarət gücləndirilməlidir. Müvafiq nazirliklərə göstəriş verilib, indi islahatlar aparılır və bütün dövlət qurumlarının rəhbərləri bunu bilsinlər və mənim tapşırıqlarıma əməl etsinlər”.

Dövlət başçısı qanunsuz tikililərə şərait yaradan məmurların çox ciddi cəzalandırılacaqlarını bildirib: “İlk növbədə, Bakıda və digər şəhərlərdə bütün qanunsuz tikililərə son qoyulmalıdır. Bundan sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi, icazəsi olmadan ölkəmizdə bir dənə də bina tikilməməlidir. Kim bunu edəcəksə, dərhal mənə məlumat verilsin. Həmin o adamları ən ciddi cəzalar gözləyir”.

“Biz paytaxtımızı parklar, bağlar, ictimai zonalar şəhərinə çevirmişik. Bulvar 3 kilometrdən 16 kilometrə uzadılıb, böyük bir ictimai zonadır. Böyük parklar salınıb. Heydər Əliyev Sarayının arxasında gözəl park yaradılıb. Biz oradan vətəndaşları köçürəndə bəziləri deyirdilər, köçürürlər ki, binalar tikilsin. Gözəl bir parkdır. Azərbaycan Dram Teatrının arxasındakı “Sovetski” adlandırılan ərazidəki biabırçı mənzərə aradan götürülür. Yenə də deyirdilər ki, orada binalar tikilir. İndi orada yol qovşaqları tikilir, yol hərəkətinə nəfəs verilir, parklar salınır. Onlarla, yüzlərlə belə işlər indi göz qabağındadır”, - deyə dövlət başçısı əlavə edib.

Prezident çıxışının sonunda Davos Dünya İqtisadi Forumunun ölkəmizlə bağlı rəyini diqqətə çatdırıb: “Son hesablamalara görə, Azərbaycan dünya miqyasında rəqabətqabiliyyətliliyinə görə 35-ci yerdədir. İnkişaf edən ölkələr arasında inklüziv inkişaf indeksinə görə 3-cü yerdədir. Ümumi infrastrukturun inkişafına görə dünya miqyasında 26-cı yerdədir. Bu rəqəmlər əyani şəkildə göstərir ki, Azərbaycan hansı böyük uğurlara imza atıb. Bu, əyani şəkildə göstərir ki, bizim siyasətimiz xalq tərəfindən dəstəklənir və biz elə etməliyik ki, ölkəmizin inkişafını dayanıqlı və daimi edək”.