Küveytin gündəlik “Əl-Cəridə” qəzetinin 9 iyul tarixli buraxılışında Azərbaycanın bu ölkədəki səfiri Elxan Qəhrəmanın Bakı şəhərinin “Ekspo 2025” Dünya Sərgisinə namizədliyi ilə bağlı müsahibəsi dərc edilib.

Yazıda Azərbaycanın “Ekspo 2025”ə ev sahibliyi etmək üçün Bakının namizədliyinin “İnsan kapitalını inkişaf etdirərək, daha yaxşı gələcək quraq” devizi altında irəli sürüldüyü vurğulanır. Bu prosesdə Bakı şəhərinin Yaponiyanın (Osaka) və Rusiyanın (Yekaterinburq) şəhərləri ilə mübarizə apardığı, “Ekspo 2025”ə ev sahibliyi edəcək qalib şəhərin 2018-ci ilin noyabrında BSB-nin 164-cü sessiyası zamanı Parisdə keçiriləcək məxfi səsvermədə müəyyənləşəcəyi diqqətə çatdırılır.

Qeyd olunur ki, bu mübarizədən qalib çıxacağı təqdirdə Bakı Şərqi Avropa, Qafqaz və Xəzər regionunda Dünya Sərgisinə ev sahibliyi edəcək ilk paytaxt olacaq.