Azərbaycan musiqi sənəti çoxəsrlik inkişaf tarixinə malikdir. Musiqi yaradıcılığı nəsildən-nəslə ötürülərək inkişaf edib, təkmilləşib və zənginləşib. Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov kimi dahi şəxsiyyətlər klassik Azərbaycan musiqi sənətinin inkişafına dəyərli töhfələr veriblər.

Ölkə rəhbərliyinin mədəniyyətə olan yüksək diqqət və qayğısı nəticəsində Azərbaycan muğamı, Azərbaycan aşıq sənəti, tar və onun ifaçılıq sənəti, kamança musiqi alətinin hazırlanması və ifaçılıq sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Musiqi sahəsində bir çox beynəlxalq layihələrə ev sahibliyi edən ölkəmizdə ənənəvi olaraq Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı,  Qara Qarayev adına Beynəlxalq Müasir Musiqi Festivalı, Bakı Beynəlxalq Caz Festivalı, Qəbələ Beynəlxalq Musiqi Festivalı və digər əhəmiyyətli tədbirlər keçirilir. Bakıda təşkil edilmiş “Eurovision 2012” mahnı müsabiqəsi beynəlxalq musiqi auditoriyasının ölkəmizə marağının daha da artmasına  səbəb olub.

Son illər ərzində təşkil olunan mötəbər tədbirlər dünya musiqi ictimaiyyətinin diqqətindən kənarda qalmayıb və daha bir mötəbər tədbirin – Beynəlxalq Musiqi Təhsili Cəmiyyəti (İnternational Society for Music Education – ISME) tərəfindən təşkilatın 33-cü Dünya Konfransının 15-20 iyul 2018-ci il tarixində Bakı şəhərində keçirilməsi qərara alınıb.

Musiqi təhsili üzrə dünyanın müxtəlif ölkələrindən 500-dən çox mütəxəssisin iştirak edəcəyi konfrans Heydər Əliyev Sarayında, “Hilton Baku” mehmanxanasında, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında və Azərbaycan Milli Konservatoriyasında təşkil ediləcək.

Konfransın açılış mərasimi 16 iyulda Heydər Əliyev Sarayında olacaq.

Konfrans çərçivəsində 17 iyulda Azərbaycan Milli Konservatoriyasında “Türk sessiyası” adlı xüsusi tədbir təşkil olunacaq.

Dünya konfransının bağlanış mərasimi iyulun 20-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında keçiriləcək.