İyulun 9-da Kanadanın Kvebek Milli Kitabxanası və Arxivinin baş direktoru Jan-Luis Roy M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında olub.
Qonaq rəhbəri olduğu kitabxana haqqında ətraflı məlumat verib, Milli Kitabxananın fəaliyyəti ilə maraqlanıb.
Milli Kitabxananın direktoru Kərim Tahirov qonağı maraqlandıran sualları cavablandırıb və gələcəkdə Kvebek Milli Kitabxanası və Arxivi ilə əməkdaşlığın yaranmasına ümid etdiyini bildirib.
Jan-Luis Roy müəllifi olduğu iki kitabı K.Tahirova təqdim edib. Bu kitabların Milli Kitabxananın fondunda Kanadadan hədiyyə edilən ilk nəşrlər olduğunu vurğulayan K.Tahirov öz növbəsində kanadalı həmkarına “Azərbaycan Milli Kitabxanası” fotoalbomunu (Azərbaycan, ingilis və rus dillərində) təqdim edib.
Qonaq oxuculara xidmət proseslərinin avtomatlaşdırılmasından və kitab fondlarında qiymətli kitabların mühafizəsi üçün yaradılan şəraitdən xüsusilə razı qaldıqlarını bildirib, həmçinin Milli Kitabxananın nəzdində fəaliyyət göstərən “Açıq kitabxana” ilə maraqla tanış olub.