Layihə çərçivəsində növbəti tədbir keçirilib
Azərbaycan Milli İncəsənət Muzeyində “Mədəniyyət naminə elm” layihəsi çərçivəsində növbəti elmi seminar keçirilib. Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin və muzeyin təşkilati dəstəyi ilə baş tutan seminar “Cəmiyyətin inkişafında mədəniyyətin rolu” mövzusuna həsr edilib.
Mərkəzin elmi katibi Cavid Əliyev tədbiri giriş sözü ilə açaraq mövzunun aktuallığından bəhs edib, “Mədəniyyət naminə elm” layihəsi üzrə silsilə tədbirlərin keçirildiyini deyib.
Sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsil fakültəsinin dekanı, pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmov “Cümhuriyyət dövründə elm, təhsil, mədəniyyət” mövzusunda çıxış edib. Bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü qısa olsa da, bu dövrdə elm, təhsil və mədəniyyətə xüsusi önəm verilib, bu sahələrdə mühüm nailiyyətlər əldə edilib.
Tədbirdə çıxış edən Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev bildirib ki, layihənin həyata keçirilməsində əsas məqsəd respublikanın elmi potensialını mədəniyyət sahəsinin inkişafına yönəltməkdir. Bu qəbildən tədbirlərin gələcəkdə də keçiriləcəyi qeyd edilib.
Tədbir daha sonra sual-cavab formatında davam etdirilib, iştirakçılar mövzu ilə bağlı fikir və mülahizələrini bildirib.
Sonda Azərbaycan Milli İncəsənət Muzeyinin elmi işlər üzrə direktor müavini Xədicə Əsədova Elmi-Metodik Mərkəz tərəfindən təltif olunub.