Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru təltif olunub
Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov iki ölkə arasında mədəniyyət əlaqələrinin genişlənməsində uzunmüddətli, səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif edilib.
Mədəniyyət naziri Əbülfəs Qarayev “Fəxri mədəniyyət işçisi” döş nişanını Samir Abbasova təqdim edib, ona bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb.
Nazir qeyd edib ki, Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistan-Azərbaycan dostluğunun möhkəmlənməsinə xidmət edən xeyriyyə layihələri, konfranslar, poeziya gecələri təşkil edilir və bütün bu tədbirlərdə tanınmış şəxslər, incəsənət xadimləri iştirak edirlər. Mərkəzin direktoru Samir Abbasovun ölkəmizin layiqincə təbliğ olunmasında mühüm xidmətləri olub.