Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Cihan Özdemir Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədovla görüşüb.

Görüşdə Cihan Özdemir Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasının ölkəmizdə din təhsili sahəsində atılmış çox önəmli bir addım olaraq dəyərləndirib. O, hər bir dövlətin sosial birliyinin qorunmasında vacib amillərdən birinin yüksək vətəndaşlıq şüuruna malik, sağlam düşüncəli dini kadrların yetişdirilməsi olduğunu bildirib və Azərbaycan İlahiyyat İnstitutuna bu mühüm vəzifəni yerinə yetirməkdə uğurlar arzulayıb.

Rektor Ceyhun Məmmədov institutun əsas vəzifəsinin Azərbaycanda yüksək dini biliklərə, zəngin dünyagörüşünə malik din xadimlərinin yetişdirilməsi olduğunu qeyd edib. Rektor institutda islamşünaslıq və dinşünaslıq sahəsinə aid əsas elmlərin tədrisi ilə yanaşı, tələbələr üçün Şərq incəsənətinin müxtəlif sahələri ilə əlaqəli kurs və dərnəklərin də təşkilinin nəzərdə tutulduğunu və hər iki qurum arasında bu sahələrdə əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə iki qurumun əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.