Xalq bir qrup ekstremist ünsürün iyrənc əməllərinə öz qəti münasibətini göstərdi

İyulun 10-da axşam Gəncə şəhərində din pərdəsi altında gizlənmiş bir dəstə radikal ünsürün iğtişaşlar törətmək cəhdinin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına qarşı hücum edilməsi və yüksək rütbəli iki polis zabitinin kəsici-deşici alətlərlə qətlə yetirilməsi, bütün ölkə ictimaiyyətində olduğu kimi, mədəniyyət və incəsənət xadimləri tərəfindən də kəskin etiraz və qınaq hissi doğurub.

Ölkənin tanınmış ziyalıları bu təxribat və cinayət əməllərini kəskin şəkildə pisləyərək, öz dövlətinə sahib çıxdığını nümayiş etdirir. Onlar eyni zamanda ictimaiyyəti soyuqqanlı olmağa, dövlətimizin ətrafında daha güclü həmrəyik nümayiş etdirməyə çağırırlar.

 

Arif Babayev (Xalq artisti)

- Bu kimi hadisələr ölkəmizə qarşı yönələn təxribatlardan qaynaqlanır. Bu planı hazırlayanların hədəfində Azərbaycan dövlətçiliyi, müstəqilliyi dayanır. Bu hadisəni törədənlər faktiki olaraq terrorçulardır. Onlar Azərbaycan dövlətinə qarşı terror törədiblər. Müxtəlif ölkələrdə baş vermiş qanlı hadisələri, ssenariləri Azərbaycanda da təkrarlamaq istəyən, ölkəmizdə qarışıqlıq törətmək niyyətində olan bu cür təxribatçıların məqsədi Azərbaycanda xaos və qarşıdurma yaratmaqdır. Ancaq Azərbaycan dövlətçiliyi əmin əllərdədir. Xalqımız öz Prezidentinin ətrafında möhkəm birləşib. Bu terrorçular və təxribatçılar öz istəklərinə çata bilməyəcəklər.

 

Azərpaşa Nemətov (Xalq artisti)

- Gəncə hadisələri məni çox sarsıtdı. Bütün teatr xadimləri bu hadisəni kəskin pisləyir. Vətəndaşlarımızı dövlətçilik mövqeyimizi fəal nümayiş etdirməyə çağırıram. Gəncə hadisələrinin əsas məğzi odur ki, bir qrup radikal şəxs təkcə Gəncədə deyil, bütün ölkədə sabitliyi pozmağa çalışır. Lakin bu, mümkün olmayacaq. Biz hamımız bu hadisələrə münasibətdə yekdil olmalıyıq.

Biz tarix boyu Gəncəni qəhrəmanlıq şəhəri kimi tanımışıq. Gəncə və gəncəlilərin bu hadisəyə aidiyyəti yoxdur. Gəncə tarix boyu dövlətçiliyin dayağı, Cümhuriyyətimizin ilk paytaxtı və mədəniyyət mərkəzi olub, böyük sənətkarlar yetişdirib. Azərbaycanda hər zaman din və dövlət münasibətləri yüksək səviyyədə olub. Cənab İlham Əliyev çıxışlarında həmişə qeyd edib ki, Azərbaycanda bütün dinlər eyni, qardaşlıq zəminində yaşayıblar. Ölkə rəhbərinin apardığı uğurlu siyasət nəticəsində Azərbaycan multikultural ölkə kimi tanınır. Azərbaycan xalqı tarixən ölkəni uçuruma aparmaq istəyənlərə qarşı mübarizə aparıb. Azərbaycan xalqı birləşməyi bacarır və radikal ünsürlərə cavab verməyə hazırdır.

 

Siyavuş Kərimi (Xalq artisti)

- Gəncədəki hadisələr çox böyük narahatlıq doğurur və hər bir azərbaycanlını narahat edir. Günü-gündən inkişaf edən ölkəmizdə böyük nailiyyətlər əldə etdiyimiz vaxtda belə hadisələrin baş verməsi təəssüfedici haldır. Vətəndaşlarımız soyuqqanlı olmalı, emosiyalara meydan verməməlidir. Bu gün əsas amalımız Azərbaycanın bütövlüyü olmalıdır. Yalnız bunun üçün mübarizə aparmalıyıq. Prezidentimizin apardığı siyasətə dəstək olmalıyıq. Məni eşidən azərbaycanlılara müraciət edərək deyirəm ki, bu məsələlərdə millətə layiq ola biləcək münasibəti qoruyub saxlayaq.

 

Canəli Əkbərov (Xalq artisti)

- Gəncədə baş verən terror hadisələri mənə çox ağır təsir etdi. Təsəvvür etmirdim ki, hər hansısa düşmən, bədxah qüvvə müstəqil Azərbaycanın dövlət məmuruna, asayiş keşikçilərinə qarşı belə amansız, qanunazidd hərəkətə yol verməyə özündə cəsarət tapa bilsin. Nə gizlədim, bu olaylar barədə ilk dəfə məlumat alanda sarsıldım.

Lakin hadisələr baş verən andan bu günə qədər dövlətimizin qətiyyəti, xalqımızın dəyanəti qəlbimi dağa döndərdi. Gəncə sakinləri bu şəhərdə xaos, anarxiya yaratmaq niyyətinə düşənlərin felinə uymadılar. Bəli, şəhər əhalisi iğtişaş törədənlərə, cinayətkarlara, terrorçulara qətiyyətlə “yox” dedi!

Mən doğma Azərbaycanı bütün varlığımla sevirəm. Vətənimin hər qarışı mənim üçün doğmadır. Gəncəyə xüsusi rəğbətim var. Axı, bu şəhər ölkəmizin ən qədim mədəniyyət mərkəzlərindən biridir. Gəncə düz bir əsr əvvəl milli istiqlalımıza öz töhfəsini vermiş, Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı olmuşdur.

Gəncə Azərbaycan milli musiqi sənətinə də böyük töhfələrini vermişdir. Bu yerdə böyük fəxrlə Qənbər Hüseynli və Fikrət Əmirov kimi xalqımızın iki böyük bəstəkarının adlarını çəkməyə bilmərəm. Bir sözlə, Gəncə mənim üçün doğulub boya-başa çatdığım Lənkəran qədər doğmadır. Bu gün bütün Azərbaycan Gəncənin yanındadır. İnanıram ki, gəncəlilər bu çətin, gərgin şəraitdə bir daha təmkin və müdriklik nümayiş etdirəcəklər, dövlətçiliyimizi və istiqlalımızı qoruyacaqlar.

 

Mənsum İbrahimov (Xalq artisti)

- Gəncənin tarixində şanlı səhifələrdən biri də onun Azərbaycan Xalq  Cümhuriyyətinin ilk paytaxtı olmasıdır. Gəncə tariximizin və mədəniyyətimizin zəngin irsinin qorunub yaşadıldığı bir şəhərdir. Qədimliyini qorumaqla yanaşı, müasirliyi ilə də gözoxşayan şəhərlər sırasındadır. Təəssüf ki, bu qədim mədəniyyət beşiyi xarici düşmənlərin və daxildə onları dəstəkləyən qara niyyətli ünsürlərin məkrli oyunlarına da şahidlik edib.

Əslində, bu başıpozuq, dini xurafata sürüklənmiş insanlardan ibarət dəstənin hakimiyyət orqanlarına basqını idi. Belə görünür ki, proseslərdə dövlətçiliyimizin mövcudluğunu sevməyən qüvvələrin əli var.

Biz belə çirkin niyyətli əməllərə qarşıyıq. Yəqin ki, cinayətkarlar layiqli cəzalarını alacaqlar. Xalqımız Gəncədə hələ 1993-cü ilin məşum iyun hadisələrində öz sözünü  deyib. Müstəqilliyin bərpasının ilk illərində bu şəhər az qala nadanların qurbanına çevriləcəkdi. Nə yaxşı ki, ulu öndər Heydər Əliyev 1993-cü ilin o məşəqqətli günlərində ikinci dəfə siyasi hakimiyyətə qayıtdı. Xalqımızın təkidli tələb və çağırışlarına səs verən ümummilli lider Gəncəyə gedərək qardaş qırğınının qarşısını aldı.

Xalq bu gün də bir qrup ekstremistin, dini radikalların antiazərbaycan çağırışlarına qoşulmamaqla öz münasibətini göstərdi. Azərbaycana hər hansı vasitə ilə təsir göstərmək əbəsdir. Müstəqil dövlətimizi qorumağa nəinki hüquq mühafizə orqanları, həm də xalqımız yekdilliklə hazırdır.

 

Nurəddin Mehdixanlı (Xalq artisti)

- Gəncədə baş verən hadisələrdən gəldiyim qənaət budur ki, düşmən qüvvələr Azərbaycanın müstəqilliyinə, sabitliyinə qənim kəsiliblər. Amma onlar unudurlar ki, bizim bu sərvətlərimizə uzanan əllər mütləq kəsiləcək. Azərbaycan qanunları qarşısında hər kəs bərabərdir. Bu cinayəti törədənlər Azərbaycan qanunları qarşısında cavab verəcəklər.

Gəncə Azərbaycanın ürəyi, qədim tarixi şəhəridir. Gəncə və gəncəlilər daim Azərbaycan dövlətçiliyinin yanında olublar və bundan sonra da olacaqlar. Bu, bir qrup radikalın törətdiyi cinayətdir. Gəncə hadisəsi göstərdi ki, ölkəmizi xaosa sürükləməyə çalışan düşmənlərimiz var və biz onlara imkan verməməliyik.

Ətrafımızda baş verən çox ciddi hadisələri harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı nəzərə almalıdır. Ölkəmizdə heç bir halda dini fanatizmə yol vermək olmaz. Allah şəhid polislərimizə rəhmət eləsin, yerləri behişt olsun. Onlar dini fanatizmə qarşı mübarizədə şəhid olublar. Azərbaycan Respublikasının vətəndaşı olaraq dövlətimizin, Prezidentimizin, xalqımızın, bayrağımızın yanındayıq.

 

Vaqif Əsədov (Xalq artisti)

- Gəncə hadisələri dövlətçiliyimizə qarşı təxribatdır. Bu gün Azərbaycan regionda lider dövlətdir. Ölkəmiz bütün sahələr üzrə uğurla inkişaf edir. Bu inkişafı gözü götürməyən qüvvələr Azərbaycanda iğtişaşlar törətməyə, insanları vahiməyə salmağa çalışırlar. Gəncədə baş verən hadisələr, dövlət məmurlarına sui-qəsd də bu məqsədlə törədilib və bu hadisə bir vətəndaş və sənət adamı kimi bizdə hədsiz təəssüf hissi yaradır. Bu hadisələri qətiyyətlə pisləyirəm. İnanıram ki,  günahkarlar tapılaraq məsuliyyətə cəlb olunacaq, ölkəmiz bundan sonra da sabit inkişaf yolu ilə irəliləyəcək. Bu hadisələr onu göstərdi ki, Azərbaycanda xalq-iqtidar birliyi möhkəm əsaslara söykənir və Azərbaycan xalqı öz Prezidentinin yanındadır.

***

Gəncə hadisələri ilə əlaqədar geniş müşavirə keçirilib

 

İyulun 12-də Azərbaycan Respublikasının baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralov, daxili işlər naziri, general-polkovnik Ramil Usubov və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev Gəncəyə gedərək, orada baş vermiş məlum hadisələrlə əlaqədar yaradılmış istintaq-əməliyyat qrupunun rəhbərliyi və üzvləri ilə geniş müşavirə keçirib, görülən işlər barədə hesabatlarını dinləyiblər.

Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətlərinin birgə məlumatında qeyd olunub ki, həmin qanlı cinayəti törədənlərdən 9 nəfərin tutularaq barələrində məhkəmənin hökmü ilə həbs qətimkan tədbiri seçildiyi məruzə olunub.

Dövlət qurumlarının rəhbərləri cinayətin digər iştirakçılarının da tapılıb-tutulması üçün istintaq hərəkətlərinin intensivliyinin artırılması, əməliyyat-axtarış tədbirlərinin gücləndirilməsi ilə bağlı əlavə tapşırıqlar veriblər.

Müşavirədən sonra baş prokuror Zakir Qaralov, daxili işlər naziri Ramil Usubov və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev iyulun 10-da radikal dini yönümlü şəxslərin Gəncədə asayişi kobud şəkildə pozmasının qarşısını alarkən şəhid olmuş polis polkovniki İlqar Balakişiyevin və polis polkovnik-leytenantı Səməd Abbasovun yas mərasimlərində iştirak ediblər. Onlar Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, polis əməkdaşlarının ailələrinə və yaxınlarına dövlətimizin başçısının başsağlığını çatdırıb, kədərlərinə şərik olublar.