120 illik tarixi yol keçən Azərbaycan kinosu cəmiyyətimizin inkişafında böyük rol oynayıb. Bu dövr ərzində kino salnaməmizə xalqımızın qəhrəmanlığının, milli düşüncəsinin əks olunduğu bir-birindən qiymətli filmlər yazılıb.
Haqqında söhbət açacağımız “Uzaq sahillərdə” filmi də Azərbaycan kinosunun dəyərli örnəklərindəndir. Bu il filmin ekranlara çıxmasının 60 ili tamam olur. 2018-ci il həm də filmlə bağlı digər yubileylərlə əlamətdardır. Bu il filmin qəhrəmanı, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin, görkəmli yazıçı-dramaturq, ekran əsərinin ssenari müəlliflərindən İmran Qasımovun və filmin bəstəkarı Qara Qarayevin 100 illik, kinomuzun isə 120 illik yubileyləri qeyd olunur.
Uzaq sahillərə doğru...
50-ci illərin əvvəllərində İmran Qasımovla Həsən Seyidbəylinin birgə qələmə aldıqları “Uzaq sahillərdə” əsəri nəşr olunur və az vaxt içərisində geniş oxucu kütləsinin rəğbətini qazanır. Kitab əldən-ələ gəzir və xalqımızın qəhrəman oğlu Mehdi Hüseynzadənin Böyük Vətən müharibəsində (1941-1945) əfsanəvi igidlikləri barədə oxuculara geniş məlumat verirdi.
Əsərin populyarlığı onun filmə çevrilməsinə vəsilə olur. Görkəmli rejissor Tofiq Tağızadənin quruluşu, H.Seyidzadə ilə İ.Qasımovun ssenarisi əsasında 1958-ci ildə lentə alınan “Uzaq sahillərdə” filmi Azərbaycan kinosunda unudulmaz sənət hadisəsinə çevrilir. Həmin dövrün gəncliyi filmin yaradıcılarını bu gün də minnətdarlıqla yad edir. Gəncləri qəhrəmanlığa, vətəni sevməyə çağıran bu ekran əsəri 1959-cu ildə Kiyevdə keçirilən Ümumittifaq kinofestivalında diploma, filmin bəstəkarı Qara Qarayev isə mükafata layiq görülür. Film boyu tamaşaçını həyəcanlandıran musiqi igid vətən oğlumuzun qəhrəmanlığı ilə harmoniya təşkil edir. Faşistlərin canına lərzə salan Mixaylo (Mehdi Hüseynzadə) partizan dostu Veselinlə birgə ən çətin əməliyyatları yerinə yetirərkən tamaşaçı bu hadisələri dərin həyəcan və gərginliklə izləyir...
Kino tədqiqatçısı, Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin “Kino və zaman” kitabında film haqqında maraqlı faktlarla qarşılaşırıq. Kitabda qeyd olunur ki, filmin ekranlara çıxdığı dövrdə “Bakı” (axşam) qəzeti bu kino hadisəsinə geniş yer vermişdi. “Həmyerlimiz haqqında film: “Uzaq sahillərdə” başlığı altında dərc olunan məqalədə rejissorun qeydləri ilə yanaşı, Mehdi Hüseynzadənin bacısı Bikə Əlizadənin, keçmiş partizan Mehdi Ağalarovun fikirləri yer alırdı. Bikə xanım deyir: “Filmə baxarkən qardaşımın uzaq ellərdə çəkdiyi əziyyəti, od-alov içində necə vuruşduğunu görürəm. Şirin söhbəti və mehriban gülüşü ilə evimizi bəzəyən qardaşımı sanki heç ölməmiş kimi gördüm. Az qala onu yenə bağrıma basıb öpəcək, evimizə aparacaqdım”.
Filmlə bağlı rejissor Tofiq Tağızadə yazır: “Biz hələ filmin ssenarisinə hazırlaşdığımız zaman hiss etmişdik ki, bu filmi ərsəyə gətirmək həm çətin, həm də şərəflidir. Filmdəki əsas hadisələrin baş verdiyi yerləri, xarici ölkələrin şəhər və kəndlərini əks etdirmək lazım idi. Həmin ölkələrin təbiətini, xalqın adət-ənənələrini öyrənmək çəkilişlər üçün müəyyən çətinliklər yaradırdı. Rolların düzgün bölünməsi, aktyorların seçimi də əsas məsələlərdən idi. Filmin qəhrəmanı bir neçə qiyafədə - fransız rəssamı, alman zabiti, sadə partizan və başqa qiyafələrdə çəkilməli idi. Bu mürəkkəb obrazı yarada biləcək aktyoru Moskvadakı Dram və Komediya Teatrının artisti Nodar Şaşıqoğlunun şəxsində gördük”.
Qeyd edək filmin çəkilişlərinin bir hissəsi Ağsu rayonunda aparılıb. Alman faşistlərinin ərzaq daşıdığı səhnədə maşınların parladılıb yolun kəsilməsi səhnəsi Ağsu yolunun birinci dolayında lentə alınıb. Əfsanəvi qəhrəmanın son döyüşü və həlak olduğu səhnənin çəkildiyi Kövlüc kəndindəki ev isə bu gün də yerindədir. Filmin çəkilişlərinin şahidi olan kənd sakinləri bu prosesin heç də asan başa gəlmədiyini söyləyirlər. Bir aydan artıq Ağsuda çəkilişi davam edən filmin kütləvi səhnələrində yer alan sakinlər yaradıcı heyəti dərin hörmətlə yad edirlər...
“İstəyirəm Mehdi kimi olam...”
Azərbaycanın Xalq artisti Nodar Şaşıqoğlu Mehdi-Mixaylo obrazını yaradanda 31 yaşı vardı. O vaxtadək “Mosfilm”də, Kiyev kinostudiyasında filmlərə çəkilsə də, bu onun Azərbaycan kinosunda ilk işi idi. Mixaylo obrazı aktyora böyük şöhrət gətirdi. Film prokata çıxdığı zaman 28 milyona yaxın tamaşaçı tərəfindən izlənmişdi. N.Şaşıqoğlu “Uzaq sahillərdə”nin ona gətirdiyi uğurla birgə Bakıya həmişəlik bağlanır.
Aktyor filmlə bağlı xatirələrində deyib: “Mehdinin obrazı mənimlə eyniləşmişdi. Hamı əmin idi ki, biz eyni xasiyyətli insanlarıq. Amma mən Mehdi ola bilməzdim. Düzdür, mən hardasa mövcud şəraitdə özümü oynayırdım. Filmin premyerası Nizami kinoteatrında keçirildi. “Vətən”də (kinoteatr – L.A.) göstəriləndə bilet almaq istəyənlərin növbəsi Azneftdən başlayırdı. Kinoteatra yaxın durmaq mümkün deyildi. Biz o filmlə Daşkəndə festivala getdik. Film göstəriləndən sonra insanlar üstümə tökülüşdü. Tez məni maşında gizlətdilər. Kütlə sakitləşmədi, maşını qaldırıb apardı...”.
Bəs filmin əsas qəhrəmanı olan igid Mehdi Hüseynzadə kimdir? Yazını hazırlayarkən qəribə hislər yaşadım. Necə də olsa, çoxsaylı Sovet İttifaqı Qəhrəmanları hələ orta məktəbdən bizlərə təbliğ edilib. Müstəqillik illərində isə Azərbaycanın Milli Qəhrəmanlarını tanıdıq. Amma nədənsə Mehdi obrazı, Mehdi qəhrəmanlığını həmişə daha fərqli hiss etmişəm. İkinci sinfin “Ana dili” dərsliyində Mehdi Hüseynzadəyə həsr edilən hekayədəki sətirləri isə bu gün də unutmamışan: “İstəyirəm Mehdi kimi qəhrəmana bənzəyim...”. O qəhrəman ki, bu il dövlət başçısının sərəncamı ilə 100 illik yubileyini qeyd edirik.
Bir ailədən üç nəfər
“Uzaq sahillərdə” filminin çəkilişləri zamanı texniki heyətdə çalışan Şahin Qalabəylinin o günlərdən maraqlı təəssüratı var. O, 1942-ci ildə Bakıda dünyaya gəlib. Orta məktəbin axırıncı siniflərində yaxşı oxumadığı üçün anası onu kinostudiyada texniki işlə məşğul olmağa məcbur edir. Lakin o, sonradan Moskvada Ümumittifaq Dövlət Kino İnstitutunu bitirir.
Şahin müəllim 1958-ci ildən kinostudiyada çalışdığını deyir: “Mən “Uzaq sahillərdə” filmində əvvəl işıqçı, sonra mikrofonçu oldum. Bu film Tofiq Tağızadənin ikinci filmi idi. Buna qədər “Görüş” filmini ekranlaşdırmışdı. Tofiq müəllim o qədər gözəl, o qədər səmimi insan idi ki, onunla işləməyə hamı can atırdı. Mən onunla 3 filmdə işləmişəm. Çox sadə, hamı ilə yola gedən adamı idi. Biz o vaxt kimlərlə işlədiyimizin fərqinə varmırdıq. O, Böyük Vətən müharibəsindən qayıtmışdı. Moskvada institutu bitirib Bakıda işə başlamışdı. “Uzaq sahillərdə” filminin çəkilişləri vaxtı sakinlər də aktivlik göstərirdi. Onlar üçün hər şey möcüzə idi – alman hərbi geyimləri, əsgərlər, aktyorlar...”.
Müsahibim bildirir ki, Ağsudakı çəkilişlər həm maraqlı, həm də qanqaraldan hadisələrlə yadda qalıb: “Orada alman əsgərləri olan səhnələri çəkirdik. Onlar yol polisinin işçiləri idilər və motosikletlə Mehdini tutmağa gedirdilər. Onlardan biri gəldi, Əlisəttar Atakişiyev kameranı işə saldı. Bu vaxt fəhlə diqqət etmədi, zondla kameranı bağladı. Bu zaman motosikletin biri qəzaya düşdü. Əlisəttar müəllim o anı tutmaq istədi, amma kamera bağlandığından alınmadı. Operator bərk əsəbiləşdi və fəhləyə əl qaldırdı. Buna görə onu çəkiliş meydanından uzaqlaşdırdılar. Baxmayaraq ki, Əlisəttar Atakişiyev işinin professionalı idi. İki diplomu vardı - həm operatorluğu, həm də rəssamlığı bitirmişdi. Filmin çəkilişləri Arif Nərimanbəyova həvalə olunsa da, o bundan imtina etdi. Hətta titrlərdə belə adının getməsinə razı olmadı”.
Həmsöhbətim bir ailədən 3 nəfərin filmdə rol aldığını deyir: “Rus aktyor Yuri Boqolyubov Veselin rolunu oynayırdı. Onun atası da, anası da filmdə çəkilmişdi. Filmdə camaatın partizanlara yemək apardığı epizodda Veselinin atasına (Nikolay Boqolyubov) deyirlər ki, “get denən Mixaylonu təhvil versinlər, yoxsa güllələyəcəyik”. Orada çiynində səhənglə güllələnən qadın da aktyorun anasıdır. Ümumiyyətlə, çox güclü aktyor heyəti ilə çalışırdıq.
O vaxt çətin idi. Çəkilişlər bitəndən sonra ağ-qara lenti Bakıda, rəngli lentləri Leninqradda, Tbilisidə yuyurduq”.
Qeyd etmək yerinə düşər ki, Azərbaycan kinosunun inciləri sırasında özünə yer alan “Uzaq sahillərdə” filmində Mehdi Hüseynzadə ilə eyni partizan dəstəsində vuruşan Cavad Həkimli də rol alıb. Filmin quruluşçu rəssamı Cəbrayıl Əzimov, Kamil Nəcəfzadə, bəstəkarı Qara Qarayev, dirijoru Niyazidir. Görkəmli kino xadimi Rasim Ocaqov bu filmdə ikinci rejissor kimi çalışıb.
Rollarda Nodar Şaşıqoğlu (Mehdi Hüseynzadə), Yuri Boqolyubov (Veselin), Aqniya Yelikova (Anjelika), Ələsgər Ələkbərov (Ferrero), Lev Bordukov (Karranti), Andrey Fayt (Mazelli), Adil İsgəndərov (Rosselini), Salman Dadaşov (Agent), Hacımurad Yegizarov (Partizan) və başqa görkəmli sənətkarlar çəkilib.
* * *
60 yaşlı “Uzaq sahillərdə” filmi o qədər keyfiyyətli, maraqlı çəkilib ki, tamaşaçıları hər zaman ekrana yaxın əyləşməyə vadar edir. Bu yaxınlıq, bitməyən bağlılıq filmin gələcək nəsillər tərəfindən də seviləcəyinin bir göstəricisidir.
Lalə AZƏRİ