Taleyinə yazılan ömür payının çoxunu “pantürkçü” damğası ilə həbsxanalarda və sürgündə keçirən rəssam Ələkbər Rzaquliyevin (1903-1974) həyat yolu Azərbaycan gerçəkliyində bənzərsizdir, desək, yanılmarıq. Gəncliyində saxta ittihamlarla həbs olunaraq altı illiyə soyuq şimala – Arxangelskə, azad olunandan sonra isə dərhal yerli kommunist liderlərindən biri olan Ruhulla Axundovun təkidi ilə uzaq Solovkiyə, daha sonra Altay vilayətinə sürgün olunan Ələkbər Rzaquliyev yalnız İ.V.Stalinin vəfatından üç il sonra – 53 yaşında bəraət alaraq Azərbaycana dönə bilmişdi.
28 illik (1928-1956) ağır sürgün həyatı keçirəndən sonra da bir müddət paytaxtdan aralıda – Gəncə və Şəkidə yaşamağa məcbur olan rəssam, nəhayət, Bakıya dönəndə və ona verilən balaca emalatxanada ruhunda gəzdirdiyi yaratmaq istedadını reallaşdırmaq istəyəndə başqaları kimi mövzu axtarmadı. Belə ki, yaşanan və təzadlarla kifayət qədər zəngin olan ömür yolunda bədiiləşdiriləcək və başqaları üçün də maraqlı görünə biləcək mövzular kifayət qədər idi. Bu mövzulardan biri keçmişlə - ağrılı-acılı həbsxana və sürgün yollarında belə unutmadığı göz yaddaşının uşaqlıqla bağlı xatirələrindən qaynaqlanırdı. Başqa sözlə desək, rəssam qoynunda göz açdığı, gözəlliyini duyduğu köhnə Bakı ilə bağlı xatirələrə qayıtmaq istəyirdi...
Beləcə, Ələkbər Rzaquliyev böyük sənətdən ayrılığına son qoymaqla sonralar Azərbaycan təsviri sənətində bədii hadisə kimi dəyərləndiriləcək “Köhnə Bakı” qrafik silsiləsinin ilk əsərini yaratmağa başlayır. Həmin əsər “Mollaxana (“Köhnə məktəb)” (1961-1962) adlanırdı. Bu şaquli kompozisiyada mollanın göstərişlərinə əməl etməyən şagirdin cəzalandırılması təsvir olunmuşdu. Tünd geyimli, əli çubuqlu molla fiqurunu baş verənlərə baxmamağa çalışan işıqlı geyimli şagirdlərin təsvirləri ilə əhatələyən rəssam, əslində, təzadı qabarıq duyulan bədii-psixoloji tutumlu bir lövhə yarada bilmişdir. Ayaqları falaqqaya salınmış günahkar şagirdin harayının təsirli biçimdə bədiiləşdirilməsi əsərin uzaq-yaxın ədəbi mühitimizə bələd tamaşaçılarına istər-istəməz ölməz M.Ə.Sabirin uşaqlıqda-mollaxanada oxuduğu zaman yazdığı üç misralıq məşhur
Tutdum orucu irəmazanda,
Qaldı iki gözüm qazanda,
Mollam da döyür yazı yazanda.
şeirini xatırladırdı. Uşaqlıqda olmasa da, əsəri işləyərkən bu misraların mövcudluğundan artıq xəbərdar olan Ələkbər Rzaquliyevin mütərəqqi təhsil üsullarından uzaq olan mollaxanada xoşagəlməz çox şeylərin baş verməsindən məlumatı vardı. Ona mollaxanada müstəqil yazı yazmağa çalışan balaca Sabirlə yanaşı, sonralar dahi fırça ustası kimi tanınacaq Əzim Əzimzadənin şəkil çəkməsinə mollanın qəti etiraz etməsi də məlum idi. Odur ki, özünün mollaxana təəssüratını bir rəsmdə ifadə etməklə kifayətlənməyən rəssam həmin motivin ikinci variantını da işləyir.
Əgər əvvəlki əsərin kompozisiyasında mollaxanada baş verənlər ön plana çəkilmiş və cəzalandırma prosesi daha qabarıq təqdim olunmuşdusa, ikinci əsərdə mollaxanaya bir qədər uzaqdan nəzər yetirilmişdir. Özünü içəridə baş verənləri izləyən kimi kompozisiyaya daxil edən rəssam bütövlükdə cəlbedici və təzadlı səhnənin yaranmasına nail olmuşdur. Bu dəfə “şuluq” şagirdin əllərini falaqqaya salan qəzəbli mollanın tünd fiqurunu yuxarıda şagirdlərin yoldaşlarının cəzalandırılmasına tamaşa edənləri, aşağıda isə şagirdlərin bir qrupunun heç nə olmayıbmış kimi dərs oxumaqda davam edənləri əhatələyir. İnsan fiqurlarının mollaxana binasının “qaranlıq” rəngi ilə əhatələndirən Ələkbər Rzaquliyev son nəticədə görüntünün duyulası cəlbediciliyini əldə etmişdir.
“Mollaxana” böyük sənətə gəlişi kifayət qədər gecikən rəssamın tamaşaçısını xəyalən əsrin əvvəllərinə qaytaran son əsəri olmadı. Bunun ardınca rəssamın “Köhnə hamam”, “Kəlin nallanması”, “Sərinləşdirici içki satan”, “Xırdavatçı qalada”, “Qovurulmuş qarğıdalı satırlar”, “İsti şabalıd”, “Qatıq satan”, “Hacı bulvarda”, “Çoxarvadlı”, “Başmaqçı”, “Küçə bərbərxanası”, “Gəlinin yanına hədiyyə ilə”, “Suçular eşşək belində” və s. əsərləri yarandı. 1963-cü ildə rəssamın bu əsərləri “Köhnə Bakı” silsiləsi adı altında ictimaiyyətə təqdim etmək istəyi bəzilərinin narazılığına səbəb oldu. Sosializm quruculuğunun tərənnümünü önəmli sayan kommunist-ideoloqların keçmişin bu cür əhatəli təqdimatının əleyhinə olması haradasa başadüşülən idi. Amma rəssamın fərdi sərgi keçirməsinə və onun ekspozisiyasına paytaxtın əsrin əvvəllərindəki həyatını əks etdirən əsərlər daxil etməsinə rəsmi icazə verməmək üçün əsaslı səbəb yox idi. Odur ki, sərgi 1963-cü ildə açıldı və milli ruhlu bu əsərlər sənətsevərlərin böyük marağına, icrasındakı yüksək sənətkarlıq isə rəssamın həmkarlarının heyrətinə səbəb oldu. Hamı köhnə Bakıya – onun memarlığına, koloritli motivlərinə, müxtəlif peşə adamlarının davranışlarına bu cür yeni və özünəməxsus bədii münasibətin təsiri altında idi. Bir il sonra Ələkbər Rzaquliyevin “Azərbaycan SSR-in Əməkdar rəssamı” fəxri adına, 1967-ci ildə “Şərəf nişanı” ordeninə layiq görülməsi də onun sənətinə rəsmi münasibətin göstəricisi oldu. Bu cür ciddi dəyərləndirmə, heç şübhəsiz, rəssamı köhnə Bakıya həsr olunmuş yeni-yeni əsərlər yaratmağa həvəsləndirdi və o, ömrünün axırına yaxın həmin mövzuda 300-dən çox qrafik lövhə yaratdı.
Rəssamın ruhunda gəzdirdiyi milli duyumu özündə əks etdirən “Köhnə Bakı” silsiləsi o vaxta kimi Azərbaycanda o qədər də populyar olmayan linoqravüra texnikasında yerinə yetirilmişdir. Zamanına görə çox ucuz material sayılan linoleumun üzərində rəssamın yaratdığı çox koloritli təsvirlərin bu gün milli təsviri sənətimizin ən qiymətli incilərindən sayılması bir qədər paradoksal görünsə də, reallıqdır. Qədim şəhərin memarlığını və adamlarını təsvir edən bu çoxsaylı kompozisiyalarda milli kolorit kifayət qədər qabarıqdır. Bədii həllində miniatür üslubundan gəlmə bədii vasitələrə müraciət edən Ələkbər Rzaquliyev Orta əsrlər rəssamlarından fərqli olaraq cəmisi iki – ağ və qara rəngin təzadı və ahəngdarlığı ilə təsvirlərin cəlbediciliyinə və ecazkarlığına nail olmuşdur. İfadəli silueti, forma-biçim lakonikliyi və bədii ümumiləşdirməni cəmisi iki rəngin gücü ilə əldə edən rəssam qara rəngin “işığı” ilə görüntünün qeyri-adi bədii auraya bələnməsini şərtləndirmişdir. Əsərlərin qaralığındakı “işıq”da ilk baxışda duyulmayan rəng əlvanlığı mövcuddur. Onun “ağlı-qaralı” sənət dünyasında gördüklərimiz, əslində, iyirminci yüzilliyin əvvəlində yaşananların tarixə bələnməsi, gələcək nəsillərə ötürülməsi deməkdir.
Ə.Rzaquliyev təkcə “Köhnə Bakı” silsiləsi ilə sənətdə öz sözünü deyə bilmişdir. Ancaq o, bununla kifayətlənməyib, müasir mövzularda da çoxsaylı əsərlər yaratmışdır. Bunların bəzilərinin yaranmasında dövrün tələblərinə uyğunlaşmaq meyli duyulsa da, bədii həllində müəllif ənənəvi tutumda özünəməxsusdur. O, 71 yaşında dünyasını dəyişəndə də bir çoxları kimi qoyub getdiyi bədii irsdən nigaran deyildi. Milli ruh daşıyıcısı olan bənzərsiz dəst-xəttə malik olan rəssamın yaratdıqlarının əbədiyaşarlığına onda əminlik vardı...
Ziyadxan ƏLİYEV
Əməkdar incəsənət xadimi