Azərbaycan

14 iyul 1905 – Aşıq Alıxan Qarayazılı (Alıxan Qurban oğlu Ömərov; 1905-1998) Gürcüstanın Qarayazı bölgəsinin Kosalı kəndində anadan olub.

14 iyul 1914 – Ədəbiyyatşünas, tərcüməçi Kövsər Məmməd qızı Tarıverdiyeva (1914-2014) İrəvan şəhərində doğulub. 50 ildən çox Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycan ədəbiyyatı tarixini tədris edib. 10-dək kitabın müəllifidir.

 

15 iyul 1915 - Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, tanınmış heykəltəraş Cəlal Məhərrəm oğlu Qaryağdı (1915-2001) Şuşada anadan olub. Azərbaycanın bir sıra mədəniyyət və ictimai xadimlərinin heykəl və büstlərinin (N.Nərimanov, M.Ə.Sabir və s.) müəllifidir.

15 iyul 1918 – Xalq Cümhuriyyətinin       Nazirlər Şurası 1918-ci ilin martında azərbaycanlılara qarşı soyqırımı cinayətlərinin araşdırılması üçün Fövqəladə Təhqiqat Komissiyası yaradıb. Komissiyanın topladığı sənədlər əsasında hökumətin qərarı ilə 31 mart “Soyqırımı günü” elan edilmişdi.

15 iyul 1925 – Xalq artisti, müğənni-pianoçu, professor Rauf Atakişiyev (1925-1994) anadan olub. 1953-cü ildən Akademik Opera və Balet Teatrının solisti işləyib, bir çox xarici ölkələrdə çıxış edib.

15 iyul 1926 – Xalq artisti Sədayə Mustafayeva (1926 - 13.8.2004) Şəkidə anadan olub. Şəki, Ağdaş, Göyçay, Gəncə teatrlarında çalışıb, bir sıra filmlərdə (“Mən ki gözəl deyildim”, “Ölsəm, bağışla”, “Həm ziyarət, həm ticarət” və s.) yaddaqalan obrazlar yaradıb.

15 iyul 1928 – Tanınmış tərcüməçi Mehdi Mirkişi oğlu Mirkişiyev (1928-1992) Cəbrayıl rayonunun Mirzəcanlı kəndində anadan olub. Rus dilindən çoxsaylı ədəbi tərcümələr edib.

15 iyul 1930 – Bəstəkar, Xalq artisti, professor Azər Hüseyn oğlu Rzayev (1930 -14.12.2015) anadan olub. “Bakı-90” simfoniyası, kamera orkestri üçün “Noktürn” və s. əsərlərin müəllifidir. Dövlət Filarmoniyasında bədii rəhbər, Opera və Balet Teatrının direktoru olub.

15 iyul 1952 – “Kirpi” satirik jurnalı nəşrə başlayıb.

 

16 iyul 1913 – Xalq artisti, müğənni Mirzə Babayev (1913 - 13.1.2003) anadan olub. Müğənnilik fəaliyyəti ilə yanaşı, filmlərdə (“Telefonçu qız”, “Dərviş Parisi partladır”, “Dəli Kür”, “Bəyin oğurlanması” və s.) maraqlı rollar oynayıb.

16 iyul 1934 – Əməkdar memar, Dövlət mükafatı laureatı Rasim Həsən oğlu Əliyev anadan olub. Bakı şəhərinin baş memarı (1974-1988) işləyib. Bir sıra mədəniyyət saraylarının, Naxçıvanda Hüseyn Cavidin məqbərəsinin (Ömər Eldarovla birlikdə) layihə müəllifidir.

16 iyul 1958 – Xalq artisti İlham Təvəkkül oğlu Əsgərov (1958 – 6.9.2015) Masallı rayonunun Xoşçobanlı kəndində doğulub. Milli Dram Teatrında, televiziya tamaşalarında, filmlərdə (“Doğma sahillər”, “Biz qayıdacağıq”) maraqlı rollar oynayıb. Bir çox filmlərin səsləndirilməsində iştirak edib.

16 iyul 1958 – Əməkdar artist Vidadi İsmayıl oğlu Həsənov Gəncədə anadan olub. 1990-cı ildən Yuğ teatrında çalışıb. 2016-cı ildən “M. Teatr Production”un bədii rəhbəridir. Çəkildiyi filmlər: “Bəyin oğurlanması”, “Yalan”, “Hökmdarın taleyi”, “Çölçü” (həm də ssenari müəllifi) və s.

 

17 iyul 1487 – Azərbaycan Səfəvilər dövlətinin banisi, görkəmli sərkərdə, şair Şah İsmayıl Xətai (1487 - 23.5.1524) Ərdəbildə doğulub. 1501-ci ildə Təbrizi paytaxt elan etməklə Səfəvi dövlətini qurub. Dövrünün tanınmış şairi kimi «Xətai» təxəllüsü ilə əsərlər yazıb. 1524-cü il mayın 23-də vəfat edib, Ərdəbildə Şeyx Səfi məqbərəsində dəfn olunub.

17 iyul 1898 – Ədəbiyyatşünas, publisist Əbdülvahab Hacı Zeynalabdin oğlu Məmmədzadə (Yurdsevər; 1898-1976) Bakıda anadan olub. 1923-cü ildə həbs edilib, 10 il həbs və sürgün həyatı yaşadıqdan sonra mühacirətə gedib. 60-70-ci illərdə İstanbulda Azərbaycan Milli Mərkəzinə rəhbərlik edib, Ankarada dəfn olunub.

17 iyul 1939 – Əməkdar artist Zemfira Sadıqova anadan olub. “Dəli Kür”, “Tütək səsi”, “Torpaq. Dəniz. Od. Səma”, “Bağ mövsümü” və s. filmlərdə çəkilib.

17 iyul 1953 - Xalq artisti Telman Adıgözəlov (1953 - 15.4.2010) Balakən rayonunda doğulub. Teatr və televiziya tamaşalarında maraqlı obrazlar yaradıb, “Yol əhvalatı”, “Anlamaq istəyirəm”, “Günaydın, mələyim!” və s. filmlərdə çəkilib.

 

Dünya

14 iyul 1860 – Rus tarixçisi, şair, yazıçı və publisist Vasili Lvoviç Veliçko (1860-1904) anadan olub. Bir çox tarixi gerçəklərə işıq salan «Qafqaz» kitabının müəllifidir.

14 iyul 1903 – Amerika yazıçısı İrvinq Stoun (Irving Stone; 1903-1989) anadan olub. Van Qoq, Cek London, Ziqmund Freyd, Çarlz Darvin və s. görkəmli insanlar haqqında bioqrafik romanların müəllifidir.

14 iyul 1904 – Yəhudi əsilli Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1978) laureatı İsaak Başevis-Zinger (Isaac Bashevis Singer; 1904-1991) anadan olub. Əsərləri: “Şeytan”, “Nicatverən günahkar”, “Muskat ailəsi” və s.

14 iyul 1918 – İsveç rejissoru, ssenarist və yazıçı İnqrid Berqman (Ernst Ingmar Bergman, 1918 - 30.7.2007) anadan olub. “Yeddinci möhür”, “Yay gecəsinin təbəssümü”, “Pıçıltı və qışqırıq” və s. filmlərə quruluş verib.

14 iyul 1928 – Gürcü yazıçısı Nodar Dumbadze (1928-1984) anadan olub. “Mən, nənəm, İliko və İllarion”, “Mən günəşi görürəm”, “Ağ bayraqlar” romanları, “Kukaraça” povesti və s. əsərlərin müəllifidir.

15 iyul 1606 – Holland rəssamı Rembrandt Hermens Van Reyn (Rembrandt Harmenszoon van Rijn, 1606-04.10.1669) anadan olub. Məşhur əsərləri: “Samson və Dalila”, “Valtasar qonaqlığı”, “Danaya”, “Avropanın oğurlanması”, “Azğın oğulun qayıtması” və s.

15 iyul 1901 – İtalyan filosofu, ekzistensializmin tanınmış simalarından biri Nikola Abbanyano (Nicola Abbagnano, 1901-1990) anadan olub. Əsərləri: “Fəlsəfənin müdrikliyi və həyatımızın problemi”, “Həyatın müdrikliyi” və s.

15 iyul 1904 – Görkəmli rus yazıçı-dramaturqu Anton Pavloviç Çexov (29.1.1860 -1904) vəfat edib. “6 nömrəli palata”, “Qılaflı adam” və s. hekayələrin, “Qağayı”, “Vanya dayı”, “Üç bacı”, “Albalı bağı” pyeslərinin müəllifidir.

15 iyul 1924 - Çeçen rəqqası, SSRİ Xalq artisti Mahmud Esenbayev (1924-2000) anadan olub. “Azərbaycanfilm” kinostudiyasında rəqqasa həsr olunmuş “Əmək və qızılgül” (“Mən rəqs edəcəyəm”) filmi (rejissor Tofiq Tağızadə) çəkilib.

 

16 iyul 1723 – İngilis rəssamı və incəsənət nəzəriyyəçisi Coşua Reynolds (Joshua Reynolds, 1723-1792) anadan olub. Məşhur əsərləri: “Veneranın kəmərini açan Amur”, “İlanı boğan balaca Herkules” və s.

16 iyul 1911 - Amerikalı aktrisa və rəqqasə, «Oskar» mükafatı laureatı Cincer Rocers (Ginger Rogers - əsl adı Virginia Katherine McMath; 1911-1995) anadan olub.

   

17 iyul 1846 – Rus alimi, səyyah və etnoqraf Nikolay Mikluxo-Maklay (1846-1888) anadan olub. Cənub-şərqi Asiyanın, Avstraliyanın müxtəlif xalqlarının etnoqrafiyasını tədqiq edib.

17 iyul 1888 – İsrail yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1966) Samuel Aqnon (Samuel Josef Agnon; 1888-1970) anadan olub. “Toy talvarı”, “Gecə qonağı” və s. romanların müəllifidir.

17 iyul 1889 – Amerika yazıçısı, detektiv əsərlərin müəllifi Erl Stenli Qardner (Erle Stanley Gardner; 1889-1970) anadan olub. 100-dən artıq romanın (o cümlədən vəkil Perri Meysonun baş qəhrəman olduğu 80-dək əsər) müəllifidir.

Hazırladı:  Vüqar ORXAN