Dünya əhalisinin sayı 7 milyard 625 milyon nəfəri ötüb. Birləşmiş Millətlər Təşkilatının proqnozuna görə, 2030-cu ildə bu rəqəm 8,6, 2050-ci ildə 9,8, 2100-cü ildə 11,2 milyarda bərabər olacaq.
Bu rəqəmlər 11 iyul – Dünya Əhali Günü münasibətilə BMT-nin Əhali Fondunun məlumatında qeyd olunub.
Əhalisinin sayına görə dünyada ilk iki yeri Çin (1 milyard 379 milyon) və Hindistan (1 milyard 362 milyon) tutur. Təxminən yeddi ildən sonra Hindistanın əhalisinin sayına görə Çinlə bərabər olacağı proqnozlaşdırılır.
Dünya əhalisinin illik artımı təxminən 83 milyon nəfərə bərabərdir. Planetimizin əhalisindəki əsas artım Latın Amerikası, Afrika və Asiya ölkələri hesabına baş verir və yüksək ölüm nisbətinə baxmayaraq, bu ölkələr ənənəvi olaraq yüksək doğum səviyyəsinə malikdir. Bu gün Avropada doğum nisbəti əhalinin təbii bərpasını təmin edən normadan aşağıdır, lakin qitədə ömür uzunluğu çox yüksəkdir. Yaponiyada da son illər əhalinin sayı azalmaqdadır.