Mətbuat Şurası İdarə heyətinin genişləndirilmiş iclası keçirilib
İyulun 16-da Azərbaycan Mətbuat Şurası (MŞ) İdarə heyətinin genişləndirilmiş iclası keçirilib. Mingəçevirdə baş vermiş enerji qəzasının və Gəncə terrorunun mediada işıqlandırılması vəziyyətinə həsr olunmuş toplantıda kütləvi informasiya vasitələrinin, o cümlədən internet informasiya resurslarının rəhbərləri iştirak ediblər.
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, Mingəçevirdəki qəza və Gəncədə baş verən olaylar ölkənin gündəmində olan başlıca mövzulardandır. Müşahidələr göstərir ki, media ümumən hər iki hadisəyə obyektiv prizmadan yanaşdı və ictimai rəyi düzgün istiqamətə yönəltməyə çalışdı.
Lakin məsələyə fərqli aspektdən yanaşmış internet informasiya resursları və sosial şəbəkə profilləri də oldu. Eyni zamanda, biz aşkar təfriqəçilik meyillərinin, din pərdəsi altında iğtişaşlar yaradaraq Azərbaycanın nüfuzunu ləkələmək istəklərinin şahidi olduq. Bütün bunlara Azərbaycan ictimaiyyəti sərt reaksiya verdi. Media olaraq biz bu kimi təhlükəli təmayüllərə münasibətdə ayıq olmalı, qətiyyətli mövqe nümayiş etdirməliyik.
Mətbuat Şurası İdarə heyətinin üzvləri – “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, Milli Məclisin deputatı Aqil Abbas, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli və digər çıxış edənlər məsələ ilə bağlı fikirlərini bölüşüblər.
Qeyd olunub ki, ölkədə sabitliyi pozmağa cəhd edən qüvvələr ən müxtəlif vasitələrdən istifadə edirlər. İnformasiya texnologiyalarının sürətli inkişafı nəticəsində onlar daha da fəallaşıblar. Azərbaycana müxtəlif ölkələrdən dini təsirlər həyata keçirilir, bu istiqamətdə informasiya resursları fəaliyyət göstərir.
Gəncə terroru və Mingəçevirdə baş vermiş qəza ilə bağlı rəsmi informasiya verilməyənədək yayılmış yanlış məlumat axınına qoşulanlar oldu. Bu cür məqamlara diqqət yetirilməli və belə halların gələcəkdə baş verməməsi üçün sistemli iş aparılmalıdır. Ekstremal vəziyyətlərdə əlaqədar dövlət qurumlarının ilk mənbə rolunda çıxış etməsinin vacibliyi vurğulanıb.
Çıxış edənlər cəmiyyətin informasiya təminatında dövlət qurumları ilə media orqanlarının əməkdaşlığının gücləndirilməsinin vacibliyini önə çəkərək mövcud istiqamətdə yeni baxışların tətbiq olunmasına ehtiyacın duyulduğunu vurğulayıblar.