Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin nümayəndə heyəti ilə görüş
İyulun 13-də mədəniyyət naziri Əbülfəs Qarayev Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin (İSME) rəhbəri Li Higginsin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Li Higgins İSME-nin 33-cü Dünya konfransında iştirak etmək üçün Bakıya gəlib.
Görüşdə eyni zamanda tərəfdaş qurum kimi Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un baş katibi Düsen Kaseinov da iştirak edib.
Nazir qonaqları salamlayaraq paytaxtımızda belə bir mötəbər tədbirin keçirilməsinin önəmini vurğulayıb. Qeyd edilib ki, ölkə rəhbərliyinin mədəniyyətə olan yüksək diqqət və qayğısı nəticəsində Azərbaycan muğamı, Azərbaycan aşıq sənəti, tar və onun ifaçılıq sənəti, həmçinin kamança musiqi alətinin hazırlanması və ifaçılıq sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
Əbülfəs Qarayev Azərbaycan musiqi sənətinin dünya musiqi arenasına inteqrasiyasının təmin edilməsi məqsədilə bir çox beynəlxalq mədəni tədbirlərə ev sahibliyi edən ölkəmizdə ənənəvi olaraq Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı, Qara Qarayev adına Beynəlxalq Müasir Musiqi Festivalı, Bakı Caz Festivalı, Qəbələ Beynəlxalq Musiqi Festivalı və digər əhəmiyyətli tədbirlərin keçirilməsi haqqında qonaqlara məlumat verib. Bu kimi tədbirlərin beynəlxalq miqyasda təbliğinin vacibliyi diqqətə çatdırılıb.
Söhbət zamanı İSME-nin Dünya konfransı ilə bağlı fikir mübadiləsi aparılıb.
İSME-nin rəhbəri Li Higgins və TÜRKSOY-un baş katibi Düsen Kaseinov səmimi qəbula görə nazirə öz təşəkkürlərini bildiriblər.