Türkiyədə 15 iyul hadisələrinin ildönümü ilə əlaqədar Bakıda anım mərasimi təşkil edilib
Türkiyədə 15 iyul 2016-cı ildə baş vermiş dövlət çevrilişinə cəhdin ikinci ildönümü ilə əlaqədar qardaş ölkənin Bakıdakı səfirliyində iyulun 16-da anım tədbiri təşkil edilib. Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov tədbirdə iştirak edib.
Əvvəlcə şəhidlərin ruhuna dualar oxunub və TRT kanalının 15 iyul hadisələrinə dair hazırladığı film nümayiş olunub.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral anım mərasimində çıxış edərək deyib ki, iki il əvvəl iyulun 15-də türk milləti kiminsə onun əvəzinə qərar verməsini qəbul etmədiyini bütün dünyaya bəyan etdi. O vurğulayıb ki, 15 iyul günü milli dastanımızdır. Heç kim türk millətini öz yolundan döndərə bilməz. Hər kəs bilsin ki, bu millət hər zaman dövlətinə, vətəninə sahib çıxacaq.
Səfir vurğulayıb ki, həmin gün plan quranlar İslam dinindən sui-istifadə etdilər. Azərbaycanda da İslam dinini bəhanə edərək terror törətməyə çalışan xainlər var. Hər kəs bilməlidir ki, Azərbaycan və Türkiyə bu ünsürləri həmişə əzib yox edəcək gücdədir. Dövlətə və millətə xəyanət edənlər yox ediləcək və həmin gün uzaqda deyil.
Prezidentin köməkçisi Əli Həsənov çıxışında bildirib ki, Türkiyədə 2016-cı il iyulun 15-də baş vermiş hadisələrdə xalqın öz iradəsini ortaya qoyması qürurvericidir. Bu, qəhrəmanlıq salnaməsidir. İki il əvvəl iyulun 15-də Türkiyədə baş verən hadisələr Azərbaycanda da çox həyəcanla izlənildi. Biz Türkiyə hökumətinə dəstəyimizi göstərdik. “Bir millət, iki dövlət” kəlamı həmin günlərin sınağından şərəflə çıxdı. Biz sarsılmaz Türkiyə-Azərbaycan dostluğunu nümayiş etdirdik.
Bir neçə gün əvvəl Gəncədə baş vermiş hadisələrə də toxunan Prezidentin köməkçisi bildirib ki, Gəncə hadisələri dövlətçiliyə əl qaldırmaq istəyən xainlər tərəfindən törədilib. Dinc insanlar arasında olan iki polis zabiti qətlə yetirildi. O zabitlər ölkəmizin tarixinə adlarını qızıl hərflərlə həkk etdilər.
Əli Həsənov xatırladıb ki, 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında Azərbaycan xalqının iradəsini ifadə edən Prezident Heydər Əliyevi devirmək üçün Türkiyədəki 15 iyul hadisələrinə təxminən oxşar hadisələr baş verib. O zaman da Azərbaycan Ordusunun, Daxili Qoşunlarının, polisin tərkibində yuva salmış, öz doğru yolundan sapdırılmış vətəndaşlar dövlətə və dövlətçiliyə silah yönəltdilər. Bəs, niyə qalib gələ bilmədilər? Çünki Heydər Əliyev o qüvvələrin qarşısına xalqın iradəsi ilə çıxdı. Heydər Əliyev çağırış etdi ki, Azərbaycan dövlətini dəstəkləyən vətəndaşlar meydanlara çıxsınlar. Yüz minlərlə vətəndaş bu çağırışla dövlətin müdafiəsinə qalxdı. Bir sözlə, tarixdə millətin iradəsinə qalib gələn qüvvə yoxdur və bundan sonra da olmayacaq. Xüsusən də bu millətin iradəsi onun dəstəklədiyi liderin simasında ifadə olunursa.
Əli Həsənov Türkiyədəki hadisələrin 20 Yanvar hadisələri ilə oxşarlığına da diqqət çəkərək deyib: “Türkiyədə bu hadisəni törədənlər Türkiyə ilə bağlılığı olanlar idi. Bakıda isə əhalini qanına qəltan edənlər erməni, erməni xislətli yad əsgərlər idi. Hər ikisi milli iradəyə qalib gəlmək istəyirdi. Millətin üzərinə getmək, tanklar, hərbi təyyarələr qaldırmaq olar, amma milli iradəyə qalib gəlmək olmaz”.