İyulun 13-də Mədəniyyət Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin (MEMM) təşkilatçılığı ilə elmi katiblərin məsləhətləşmə xarakterli görüşü keçirildi.
Tədbirdə Elmi-Metodik Mərkəzin elmi katibi Cavid Əliyev çıxış edərək bildirdi ki, görüşdə AMEA-nın Fəlsəfə, Əlyazmalar, Memarlıq və İncəsənət, Folklor, Dilçilik, Ədəbiyyat, Arxeologiya və Etnoqrafiya, Şərqşünaslıq, Qafqazşünaslıq institutları, Bakı Dövlət Universiteti, Bakı Xoreoqrafiya Akademiyası, Pedaqoji Universitet, Turizm və Menecment, Mədəniyyət və İncəsənət universitetləri, Dillər Universiteti, habelə Milli İncəsənət, Xalça, İstiqlal, Milli Azərbaycan Ədəbiyyatı, Teatr muzeyləri, Musiqi Mədəniyyəti Dövlət Muzeyi və Hüseyn Cavidin ev-muzeyində çalışan elmi katiblər iştirak edirlər.
Vurğulandı ki, elmi katiblərin əməkdaşlığı ortaq layihələrin hazırlanmasına, mədəniyyətimizin inkişafı istiqamətində nailiyyətlərin əldə edilməsinə şərait yaradacaq.
MEMM-in direktoru Asif Usubəliyev gələcəkdə birgə görüləcək işlər və həyata keçiriləcək tədbirlər barədə danışdı. Qeyd etdi ki, elmi katiblərin peşə birliyi ilə mədəniyyət sahəsinə elmi potensialın cəlb edilməsi fəaliyyətimizi daha da gücləndirəcək. Bildirildi ki, mədəniyyət sahəsində ənənəvi və müasir problemləri həll etmək üçün elmi katiblərin potensialından yetərincə istifadə edilməlidir. Elmi mövzuların düzgün seçilməsi, dövlətin mədəniyyət siyasətinin hədəflərinə çatması üçün layihələrin təqdim olunması bu sahədə çalışanların fəaliyyətinin əsas prinsiplərindən olmalıdır.
AMEA Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə çıxış edərək görüşün əhəmiyyətindən söz açdı.
Sonra Fəlsəfə İnstitutu ilə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəz arasında əməkdaşlığa dair memorandum imzalandı. Memorandumun elm, təhsil və mədəniyyət sahəsində ortaq fəaliyyətin həyata keçirilməsinə töhfə verəcəyi diqqətə çatdırıldı.
Daha sonra görüşdə iştirak edən bir sıra müəssisələrin elmi katibləri öz fikirlərini bölüşdülər. Vurğulandı ki, MEMM tərəfindən ilk dəfə təşkil edilən görüş elmi katiblərin fəaliyyətində mərkəzləşmiş iş sistemi yaratmaqla yanaşı elmimiz üçün də əhəmiyyətli tədqiqatların ərsəyə gəlməsinə töhfə verə bilər. Elmi katiblərin fəaliyyətinə elm və təhsillə yanaşı mədəniyyət sahəsinin də əlavə olunmasından məmnunluq ifadə edildi.
Diskussiya formatında davam edən tədbirdə mədəniyyət məsələləri ilə bilavasitə məşğul olan sahələr arasında əməkdaşlığın genişləndirilməsi, sahələrarası koordinasiyanın təşkili, qarşıya qoyulmuş vəzifələrin icrası və mövcud problemlərin effektiv həlli məqsədilə müvafiq işçi qrupunun yaradılması təşəbbüsü irəli sürüldü. Növbəti görüşlərdə mədəniyyətin aktual məsələlərinə həsr olunmuş mövzuların müəyyənləşdirilməsi qərara alındı.
Lalə AZƏRİ