Səfir Möhsün Pakayin tələbəlik illərində rejissorluq və aktyorluq fəaliyyətindən danışıb
   
   Bakıda İran İslam inqilabının 34-cü ildönümü münasibətilə kino günləri keçirilir.
   Bu münasibətlə İran Mədəniyyət Mərkəzində təşkil edilmiş tədbirdə “İranın bu günü” adlı qısa videoçarx nümayiş etdirilib. Mərkəzin direktoru İbrahim Nuri İran və Azərbaycanın bir çox sahələrdə, o cümlədən də mədəniyyət sahəsində ortaq dəyərlərinin olduğunu diqqətə çatdırıb. Bildirilib ki, İranda ildə 200-ə yaxın film, serial, sənədli film çəkilir və bu ekran əsərlərində həyati mövzulara, əxlaqi dəyərlərə çox böyük önəm verilir.
   İranın Azərbaycandakı səfiri Möhsün Pakayin tələbəlik illərində rejissorluq, ssenaristlik və aktyorluq etdiyini söyləyib. Diplomat bildirib ki, İran kinosunun tarixi bir əsrə yaxındır və bu ölkə kino istehsalına görə dünyada 10-cu sıradadır. Tədbirdə azərbaycanlı kinorejissorlar, prodüserlər də İran filmləri haqqında fikirlərini bölüşüblər.
   Daha sonra İran istehsalı olan “Səhrada tufan” filmi nümayiş olunub. Kino günləri fevralın 8-də başa çatacaq.