Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşkilatçılığı, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin dəstəyi ilə hərbçi, həkim, bəstəkar və şair Şahin Musaoğlunun anadan olmasının 55 illiyinə həsr edilmiş tədbir keçirilib.

Tədbirin aparıcısı, AYB-nin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid yubilyar haqqında məlumat verib. Vurğulanıb ki, Şahin Musaoğlu 90-cı illərin əvvəllərindən etibarən yazdığı mahnılar, şeirlər ilə gənclərə vətənpərvərlik ruhu aşılayıb.

Mərasimdə çıxış edən AYB-nin sədri, Xalq yazıçısı Anar tarixən həkim peşəsinə yiyələnmiş insanların yazıçı və şairlər olduqlarını eşitdiyini, lakin bəstəkar kimi fəaliyyət göstərənlərə tək-tək təsadüf etdiyini bildirib. O, Şahin Musaoğlunun poeziyasının vətənpərvərlik ruhu üzərində kökləndiyini söyləyib. Onun hərbi çağırış kimi səslənən mahnılarının gənc nəslin vətənpərvərlik tərbiyəsində böyük əhəmiyyət daşıdığını bildirib. Qeyd olunub ki, “İgid əsgər, möhkəm dayan”, “Cənab leytenant”, “And içirik” və digər vətənpərvər ruhlu şeirlər təkcə müəllifin deyil, müasir poeziyamızın uğurudur.

Gecədə yubilyar haqqında qısa film nümayiş olunub.

Çıxış edənlər Şahin Musaoğlunun qələminin məhsulu olan vətənpərvər ruhlu şeirlərə bu gün daha çox gərək olduğunu bildiriblər. Çıxışlarda yubilyarın ziyalı və insan kimi müsbət xüsusiyyətlərindən bəhs olunub.

Mərasimdə Şahin Musaoğlunun şeirləri və şeirlərinə yazdığı mahnılar ifa olunub.