“Debüt” studiyası “Alo, mənəm” bədii qısametrajlı filmlə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. Çəkilişləri 2012-ci ilin noyabrında yekunlaşan ekran əsəri hazırda post-prodakşn mərhələsindədir. Rejissor Nonna Müzəffərova ilə söhbətimizdən bəlli oldu ki, qısametrajlı film Yelena Andreyevanın “Alo, mənəm” hekayəsi əsasında çəkilib: “Hekayəni iki il öncə oxumuşdum, məndə qəribə hisslər oyatdığından film çəkmək qərarına gəldim. Əsərdə müxtəlif janrların - detektiv, komediya, mistikanın sintezi mənə olduqca maraqlı gəldi. Düşündüm ki, ekran əsəri kimi də uğurlu ola bilər”.
   Rejissor filmin süjeti haqqında danışmağı xoşlamadığını dedi: “Mənə elə gəlir ki, tamaşaçı filmə baxdığı zaman süjeti görməlidir. Öncədən danışmaq istəməzdim. Filmin festival həyatı haqqında da hələlik bir söz deməyə çətinlik çəkirəm. Yəqin ki, bunu zaman göstərəcək”.
   Qeyd edək ki, filmin bədii rəhbəri, Xalq artisti Eldar Quliyev, ssenari müəllifi Yelena Andreyeva, quruluşçu rejissor Nonna Müzəffərova, quruluşçu operator Əli Sultanov, quruluşçu rəssam Rövşən Mehdiyev, qrimçi Adilə Məmmədova, icraçı prodüser Əlibala Rəhimov, prodüser Fuad Əzizovdur. Ekran əsərində əməkdar artistlər Sonaxanım Mikayılova, Abbas Qəhrəmanov, aktyorlar Mətanət Abbaslı, Rafiz Mehdizadə rol alıb.

   Reyhan