İyulun 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Milli Mətbuat və Jurnalistika Gününə həsr olunmuş tədbir keçirilib.
MEK-in direktoru Leyla İmanova mətbuat nümayəndələrini peşə bayramı münasibətilə təbrik edib, mətbuat ilə əməkdaşlıq təcrübəsindən söz açıb, kitabxananın milli mətbuat ilə informasiya resurslarının birləşdirilməsi, Azərbaycana aid informasiyanın kontent və texniki təhlükəsizliyinin təmin edilməsi ilə bağlı təkliflər səsləndirib. Sonra MEK-in müxtəlif şöbələrinin fəaliyyəti barədə təqdimat olub.
Azərbaycan Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə şurasının üzvü Ramiz Əskər mətbuatın tarixindən və müasir vəziyyətindən bəhs edib, mətbuata göstərilən dövlət dəstəyindən söz açıblar.
Tədbirdə media qurumlarına və jurnalistlərə təşəkkürnamə və kitabxananın birillik oxucu kartı təqdim edilib.
Həmçinin kitabxananın media ilə bağlı yeni layihəsi barədə məlumat verilib. Layihə üzrə milli ruh və milli yaddaşın formalaşmasına töhfə verən, eyni zamanda milli dəyərləri, Həsən bəy Zərdabi ənənələrini təbliğ edən media qurumları və müəllifləri ictimaiyyətə təqdim ediləcək. Layihənin ilk mərhələsi 2018-ci il sentyabrın 1-dən noyabrın 30-dək davam edəcək.