Xalq artisti Şahmar Ələkbərovun 75 illiyinə həsr edilən xatirə gecəsi

İyulun 17-də Muzey Mərkəzində Mədəniyyət Nazirliyi, Dövlət Film Fondu və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birgə  təşkilatçılığı ilə görkəmli kino aktyoru, rejissor, Xalq artisti Şahmar Ələkbərovun (1943-1992) 75 illiyinə həsr edilən xatirə gecəsi keçirildi.

Muzeyin foyesində  sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərgi təşkil olunmuşdu.

Kinematoqrafçılar İttifaqının birinci katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev çıxış edərək bildirdi ki, artıq neçə illərdir Şahmar Ələkbərovun doğum günlərini, yubileylərini onsuz keçiririk. Hər dəfə də onun xatirəsinin işığına yüzlərlə insan yığışır. Bu, onu göstərir ki, əsl sənətkar heç vaxt ölmür və o, əbədiyaşardır.

Cəmil Quliyev daha sonra aktyorun sənət yolundan danışdı. Qeyd etdi  ki, Şahmar Ələkbərov fitri istedadı və zəhməti sayəsində ekran əsərlərimizə yeniliklər gətirib, kinoda böyük ustalıqla müxtəlif xarakterli obrazlar yaradıb. Onun çəkildiyi filmlər Azərbaycan kinematoqrafiyasının ən qiymətli nümunələrindəndir.

Əməkdar artist Elxan Qasımov çıxışında bildirdi ki, Ş.Ələkbərov cismən bu dünyadan köçsə də, mənən yaşayır. Çünki onun sənət işığı var. O, çəkildiyi və çəkdiyi kino əsərlərində yaşayır. O, sənətkarla bağlı xatirələrini danışdı: “Şahmarı 1962-ci ildən tanıyırdım. Tələbəlik illərindən yoldaş, sonra da dost olduq. Bir gün mənə dedi ki, axsam bizə gələrsən, çay içərik. Akademik Milli Dram Teatrının  yanında yaşayırdılar. Biz bir neçə dost idik, Həsən Əbluc, Tariyel Qasımov... Mənə elə gəldi ki, Şahmar bizi deyib-gülməyə dəvət edir. Onlara çatanda gördüm ki, Həsən Əbluc kitab oxuyur, digər dostlar da qulaq asır. Hüseyn Ərəblinski haqqında yeni çıxan  kitabı oxuyurdular...”

Kinoşünas, Əməkdar incəsənət xadimi Ayaz Salayev qeyd etdi ki, Şahmar Ələkbərovun bir rejissor kimi yaradıcılığı Azərbaycan kinosunda unikaldır. Onun çəkildiyi filmlərdə yaratdığı obrazlara və çəkdiyi “Sahilsiz gecə”, ”Qəzəlxan” filmlərinin qəhrəmanlarına bu gün çəkilən filmlərdə ehtiyac var.

Bəlkə də sovet hökuməti yıxılmasaydı, o, belə film çəkməzdi. O, yaşasaydı, Azərbaycan kinosuna daha böyük yeniliklər gətirəcəkdi. Təəssüf ki, vaxtsız dünyasını dəyişdi.  

Tədbirdə daha sonra Xalq artisti Əminə Yusifqızı, professor Fikrət Sultanov, Əməkdar incəsənət xadimi Əbdül Mahmud, Əməkdar artist Ənvər Həsənov çıxış edərək Şahmar Ələkbərovla bağlı xatirələrini bölüşdülər. Çıxışlarda onun ömür və sənət dünyasından söz açıldı. Qeyd olundu ki, Ş.Ələkbərov 1943-cü ildə Gəncə şəhərində dünyaya göz açıb. Cəmi 49 il yaşayıb. Lakin bu qısa ömürdə çəkildiyi və çəkdiyi filmlərdə yaratdığı obrazlarla adını kino tariximizə əbədi yazıb.

Çıxışlar arası sənətkarın çəkildiyi və çəkdiyi filmlərdən fraqmentlər göstərildi.

Diqqətə çatdırıldı ki, Ş.Ələkbərov aktyor kimi 20 ilə yaxın yaradıcılığı dövründə müxtəlif rejissorlarla işləyib. “Dağlarda döyüş” filmindən başlanan aktyor karyerası Qəzənfər (“Yeddi oğul istərəm”), İman (“Axırıncı aşırım”), Arif (“Həyat bizi sınayır”), Azad (“Bakıda küləklər əsir”), Qatır Məmməd (“Qatır Məmməd”), Feyzi (“Firəngiz”), Gündüz Kərimli (“Arxadan vurulan zərbə”), Cavidan (“Babək”), Tahir (“Gözlə məni”), Xaliq (“Qocalar, qocalar...”), Cümşüd (“Avqust gələndə”), İbiş (“Atları yəhərləyin”) kimi obrazlarla davam edib.

Şahmar Ələkbərov bir rejissor kimi də kinoda sözünü deyib. İlk ekran işi Gülbəniz Əzimzadə ilə birgə quruluş verdiyi “İmtahan” filmi olub. Ardınca “Sahilsiz gecə”ni çəkib. Daha sonra öz ssenarisi əsasında “Qəzəlxan” filmini ekranlaşdırıb.

Xalq artisti Şahmar Ələkbərov yaradıcılığının coşqun çağlarında, 12 avqust 1992-ci ildə vəfat edib.

Savalan FƏRƏCOV