Milli mətbuatın yaranmasının 143 illiyi ilə əlaqədar AMEA Mərkəzi Elmi Kitabxanasının “Vikipediya” Metodik mərkəzinin könüllüləri tərəfindən “Vikipediya”da 143 məqalə işlənib. Onlardan 55-i redaktə olunub, 88-i isə yeni yaradılıb.
Milli mətbuatımızın yaranmasında bünövrə rolunu oynayan “Tiflis əxbarı” və “Qafqazın bu tərəfinin xəbərləri” kimi qəzet səhifələri yaradılıb və əsaslı şəkildə redaktə edilib. Milli mətbuatımızın əsasını qoyan “Əkinçi” qəzeti səhifəsi, həmçinin “Əkinçi”nin ənənələrini davam etdirən “Ziya”, “Kəşkül”, “Şərqi-Rus”, “İrşad” kimi qəzet və jurnal səhifələri redaktə edilib.
Azərbaycanda ilk satirik jurnal olan “Molla Nəsrəddin“, eyni zamanda, bu dərginin təsiri altında ölkəmizdə “Bəhlul”, “Məzəli”, “Azərbaycan”, “Kirpi” kimi ana dilində nəşr olunan satirik jurnalların, “Dəbistan”, “Rəhbər”, “Məktəb” kimi bir sıra pedaqoji jurnal səhifələri, eyni zamanda, “İşıq” və “Azərbaycan qadını” kimi jurnal səhifələri redaktə edilib.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə azad mətbuatın, eləcə də hadisələrə yeni baxışın təməli qoyulub. Bu dövrdə fəaliyyət göstərən “Zənbur”, “Şeypur” kimi satirik jurnallar, Məhəmməd Əmin Rəsulzadənin təsisçisi olduğu “Açıq söz” qəzeti səhifəsi də redaktə olunan “Vikipediya” materialları sırasındadır.