Gürcüstanın paytaxtı Tbilisidə 15-ci “Cənubi Qafqaz media konfransı” keçirilib. Konfransda çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov internet və sosial media sahəsindəki problemlərdən danışıb.
Bildirib ki, onlayn media ilə bağlı Mətbuat Şurasına edilən şikayətlərin sayı ənənəvi media ilə müqayisədə artıb. Əgər 2007-2012-ci illərdə onlayn media ilə bağlı daxil olan şikayətlər 10% idisə, 2012-2015 illərdə bu rəqəm 50%-ə yaxınlaşıb. Hazırda daxil olan şikayətlərin böyük əksəriyyəti bu media ilə bağlıdır.
Şura sədri deyib ki, internet media vasitələrinin tam şəkildə özünütənzimləmədə yer alması vacib məqamdır: “Biz yenə də ictimai qınaqdan istifadə edirik. Ancaq hazırkı dövrdə məsələyə bir qədər konseptual yanaşmağa ehtiyac duyulur. Çünki hər hansı qəzeti ictimai qınağa çəkməklə informasiya saytını ictimai qınağa çəkmək arasında fərqlər var. Əvvəla, reallıq budur ki, qəzetlər ictimai rəyə əvvəlki illərdə olduğu kimi təsir göstərə bilmirlər. İkincisi, internet saytlarının fəaliyyəti eyni zamanda ölkələrin informasiya təhlükəsizliyi baxımından vacib məqamdır. Yəni bu arealda yayılmış hər hansı informasiya yalnız şəxslər deyil, bütövlükdə ölkələr barədə rəy formalaşdırmaq imkanına malikdir. Buna görə də daha həssas davranılmalıdır”.