Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşəbbüsü ilə Əməkdar jurnalist Namiq Əhmədovun İzmir Kitab və Kağız Sənətləri Muzeyində kollektivlə və muzeyin yaradıcısı Nedim Sönməzlə görüşü keçirilib.

Fonddan bildirilib ki, görüşdə “Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycanda kitab nəşri” mövzusunda mühazirə muzey əməkdaşları tərəfindən böyük maraqla qarşılanıb.

Bildirilib ki, mətbuat və söz azadlığının təmin edilməsi Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dəyərlərə verdiyi önəmin təzahürü idi. Bu dövrün mətbuatın inkişafında, kitab nəşrində yeni bir mərhələ təşkil etdiyi, senzuranın aradan götürülməsinin nəşr işində mühüm bir addım olduğu diqqətə çatdırılıb.

Görüşdə araşdırmaçı-alim Nedim Sönməz muzeyin yaranması, kitab və kağız sənətinin tarixi, bugünkü inkişafı haqqında məlumat verib, qonağı Azərbaycanda nəşr olunan kitablar üçün ayrılmış guşə ilə tanış edib. O, həmçinin Almaniyanın Drezden Muzeyində saxlanılan “Kitabi-Dədə Qorqud”un nadir nüsxəsi üzərində apardıqları tədqiqat haqqında ətraflı məlumat verib.

Nedim Sönməz Azərbaycan guşəsini yeni nəşrlərlə daha da zənginləşdirmək və burada azərbaycanlı qonaqları görmək istəyini, xüsusən də Bakıda Bilik Fondu və Miniatür Kitab Muzeyi ilə əməkdaşlıq arzusunu dilə gətirib.

Görüşün sonunda Nedim Sönməz “İzmir Kitab və Kağız Sənətləri Muzeyi” adlı kitabı imzası ilə Bilik Fonduna hədiyyə edib.