Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin konfransı çərçivəsində elmi sessiyalar keçirilib

Bakıda iyulun 16-da işə başlayan Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin (İSME) 33-cü Dünya konfransı sonrakı günlərdə işini elmi sessiyalarla davam etdirdi.

İyulun 18-də Bakı Musiqi Akademiyası Opera studiyasının konsert zalında keçirilən sessiyada TÜRKSOY-un baş katibi Düsen Kaseinov türk xalqlarının musiqi ənənələrindən söz açdı. Bildirdi ki, zəngin türk musiqi mədəniyyəti alimlərin diqqətini çoxdan bəri tədqiqat obyekti kimi cəlb edir. Ərəb-müsəlman mədəniyyəti Türkiyə, Qafqaz və Mərkəzi Asiya türklərinə (türklərə, azərbaycanlılara, türkmənlərə, özbəklərə, daha az dərəcədə isə qazax və qırğızlara) böyük təsir göstərərək onların musiqi mədəniyyətində muğamın yaranmasına və yayılmasına səbəb olub. Rusiya tərəfindən ilhaq və Sibir türklərinin bir hissəsinin (altay, xakas, yakut, tuvalılar) xristianlaşdırılması da onların musiqi mədəniyyətinin gələcək inkişafına təsir göstərib.

Baş katib qeyd etdi ki, hazırda müasir türk xalqlarının musiqi mədəniyyəti zəngin və rəngarəng səs materialına malikdir. Qədim dövrlərdən üzü bəri musiqi mədəniyyəti çoxşaxəli formada inkişaf edib. Tarixin müəyyən mərhələlərində bu sahədə müəyyən dəyişikliklər də baş verib.

Məruzə müddətində türk dünyasının tanınmış ifaçılarının çıxışlarının yer aldığı videoçarx nümayiş olundu və canlı ifalar dinlənildi. Düsen Kaseinov Qırğızıstan, Qazaxıstan, Türkiyə, Yakutiya və Azərbaycandan olan ifaçıların hər birinin çıxışını şərh etdi, musiqi alətlərindən, epos qəhrəmanlarından, dünya mədəniyyətində türk xalqlarının musiqisinin yerindən söz açdı.

* * *

Həmin gün Milli Konservatoriyada davam edən “Türk sessiyaları”nda isə musiqişünasların, musiqinin tədrisi üzrə mütəxəssislərin, professorların, həmçinin bir sıra beynəlxalq ekspertlərin iştirakı ilə məruzələr və ifalar dinlənildi. Məruzələr instrumental və vokal ifaçılığında tədris, musiqi ifaçılığında sağlam həyat tərzi mövzularını əhatə edirdi.

Konservatoriyada klassik türk musiqisi konsertləri də təqdim edildi. Qanun ifaçısı Kibele Çiftçinin, klassik kamançada Esen Biçerin, ud ifaçısı Tolga Öterin təqdim etdiyi musiqilər tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.

Panel iclaslarda professorlar Ali Uçan və Uğur Alpaqutun moderatorluğu ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli və professor Tariyel Məmmədovun çıxışları dinlənildi.

Vurğulandı ki, ötən il Azərbaycan Milli Konservatoriyasında keçirilən “Qloballaşan dünyada musiqi ənənələri” adlı I Beynəlxalq konfrans İSME-nin Bakıda keçirilən 33-cü Dünya konfransı çərçivəsində “Türk xalqlarının musiqi dünyası” ilə bağlı xüsusi sessiyaların keçirilməsinə vəsilə olub.

Qeyd olundu ki, musiqi insanı bütün həyatı boyu müşayiət edir. Musiqinin tədrisi və gələcək nəsillərə ötürülməsində elmin böyük rolu var. Zəngin ənənələri olan türk musiqisi bu özəlliyi müasir dövrümüzdə də qoruya bilib. Çıxışlarda həmçinin konfrans çərçivəsində ilk dəfə Bakıda təşkil edilən “Türk sessiyaları”nın bütün türk dünyasını bir-birinə sıx tellərlə bağlayacağını və təşkilatın arealını daha da genişləndirəcəyinə inam ifadə olundu.

Davam edən panel iclaslarda “Qədim türk dastanlarının yeni balet quruluşları”, “Türk bəstəkarların viola əsərləri və Nejat Başeymezlerin bəstəkarlıq özəllikləri”, “Türk xalqlarının musiqisində ortaqlıq və fərqlilik amilləri”, “Dairəvi rəqslər türk xalqlarının ortaq mənəvi dəyərlərindən biri kimi” mövzularında məruzələr dinlənildi.

Günün ikinci yarısında isə sessiyalarda 1980-ci ildə Türkiyədə baş verən hərbi çevrilişdən sonra hökumətin musiqi siyasəti, musiqi terapiyası ilə bağlı araşdırmalar, Bəktaşi ocaqlarında düzənlənən tədbirlərin dini, sosial və kütləvi dəyərləri, musiqi tədrisində rənglərin effekti problemlərinə həsr olunan məruzələr dinlənildi. Hər məruzədən sonra çıxışçılar dinləyicilərin suallarını cavablandırdılar və mövzu ətrafında fikir mübadiləsi aparıldı.

Lalə AZƏRİ