Sercio Mattarella: “Biz fikirləşirik ki, elmin və texnologiyanın hesabına iki dövlət arasında mədəniyyət sahəsində olan əməkdaşlığı inkişaf etdirə bilərik”

İlk dəfədir ki, İtaliya Prezidenti Azərbaycana səfər edir. Bu, tarixi bir səfərdir. Bizim əlaqələrimiz çoxşaxəlidir, bir çox sahələri əhatə edir. Bu gün apardığımız danışıqlarda, keçirdiyimiz görüşlərdə bir çox məsələlər müzakirə edildi və deyə bilərəm ki, bütün məsələlərlə bağlı bizim fikirlərimiz üst-üstə düşür.

Bu fikri iyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə görüşün yekunları ilə bağlı mətbuata bəyanatında bildirib.

Prezidentlərin təkbətək və nümayəndə heyətləri ilə geniş tərkibdə görüşləri  başa çatandan sonra İlham Əliyev və Sercio Mattarellanın iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.

Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə İtaliyanın Milan Politexnik Universiteti arasında, iki ölkənin dəmir yolları idarələri arasında, eləcə də kənd təsərrüfatı və ali təhsil üzrə əməkdaşlıq barədə sənədlər imzalanıb.

Prezident İlham Əliyev mətbuata bəyanatında ölkəmizin İtaliya ilə əməkdaşlığa xüsusi önəm verdiyini vurğulayıb. Qeyd olunub ki, İtaliya hazırda ATƏT-in sədridir: “Biz ümid edirik ki, İtaliya ATƏT-in sədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində fəal rol oynayacaq. BMT Təhlükəsizlik Şurası 25 il bundan əvvəl münaqişə ilə bağlı 4 qətnamə qəbul edib. Bu qətnamələrdə göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Amma Ermənistan uzun illərdir bu qətnamələrə məhəl qoymur, öz işğalçı siyasətini davam etdirir və status-kvonu saxlamaq istəyir”.

Diqqətə çatdırılıb ki, bir həftə əvvəl Avropa İttifaqı ilə Azərbaycan arasında paraflanmış “Tərəfdaşlığın prioritetləri” sənədində, eləcə də NATO Zirvə görüşünün bəyannaməsində Azərbaycanın ərazi bütövlüyünə, sərhədlərinin toxunulmazlığına dəstək əksini tapıb.

“O ki qaldı ikitərəfli əlaqələrə, qeyd etdiyim kimi, biz strateji tərəfdaşıq, siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və İtaliya Prezidentinin Azərbaycana rəsmi səfəri bunun bariz nümunəsidir”, - deyə dövlət başçısı əlavə edib.

Bildirilib ki, İtaliya bizim üçün birinci ticarət tərəfdaşıdır. Azərbaycan böyük həcmdə neftini İtaliya istiqamətinə göndərir, enerji sahəsində çox gözəl əməkdaşlıq var. Azərbaycan tərəfdaş ölkələrlə birlikdə hazırda Cənub Qaz Dəhlizi layihəsini uğurla icra edir. İtaliya şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir. Prezident daha sonra deyib: “Biz bu gün mədəniyyət, təhsil sahələrindəki əməkdaşlıq haqqında fikir mübadiləsi apardıq və danışıqların sonunda belə bir qərara gəldik ki, bu gün gündəlikdə olan məsələlərlə bağlı bizim heç bir fikir ayrılığımız yoxdur. Bütün məsələlərlə bağlı fikirlərimiz üst-üstə düşür. Azərbaycan İtaliya üçün, İtaliya Azərbaycan üçün çox etibarlı tərəfdaşdır. Əminəm ki, bu səfərdən sonra əlaqələrimiz daha da möhkəmlənəcək və bundan sonra uzun illər ərzində biz çox səmərəli əməkdaşlıq edəcəyik”.

* * *

İtaliya Prezidenti Sercio Mattarella çıxışında İtaliyanın Azərbaycana gələn ilk dövlət başçısı kimi bu səfərdən böyük məmnunluq duyduğunu deyib.

“Bizim bu gün gündəliyimizdə olan məsələlər ikitərəfli münasibətlərimizi nəzərdə tutan bütün sahələri diqqətdə saxlayan məsələlərdir. Çünki İtaliya da Azərbaycanı özünün etibarlı tərəfdaşı hesab edir və xüsusilə də bu regionda əsas tərəfdaşı hesab edir. İtaliya Azərbaycanın dünyəviliyini və dini tolerantlığa olan hörmətini çox alqışlayır. Radikalizmdən doğan təhlükələrə qarşı Azərbaycanın gördüyü işləri İtaliya tərəfi dəstəkləyir”, - deyə o vurğulayıb.

Sercio Mattarella Cənub Qaz Dəhlizi layihəsində iki tərəfin səylərini qiymətləndirdiyini, bu layihənin Avropa üçün çox önəmli olduğunu deyib.

“Bizim münasibətlərimiz siyasi, iqtisadi, energetika baxımından, təbii ki, ən əhəmiyyətli rola malikdir. Lakin bundan əlavə, Azərbaycan ilə İtaliya arasında mədəniyyət sahəsində də əməkdaşlıq mövcuddur. Biz fikirləşirik ki, elmin və texnologiyanın hesabına hər iki dövlət arasında mədəniyyət sahəsində olan əməkdaşlığı inkişaf etdirə bilərik. Bu baxımdan qeyd etmək istəyirəm ki, mən Azərbaycanın önəmli universitetlərindən biri olan ADA Universitetində bu gün tələbələrin qarşısında çıxış edəcəyəm. Eləcə də İtaliya hökuməti tərəfindən verilən təqaüdlərin qalibi olan Azərbaycan tələbələrinə həmin təqaüdləri təqdim edəcəyəm”, - deyə qonaq dövlət başçısı əlavə edib.

Heydər Əliyev Fonduna Romanın tarixi məkanlarında aparılan restavrasiya işlərinə görə xüsusi təşəkkürünü bildirən Sercio Mattarella qeyd edib ki, iki ölkə gənc istedadlar arasında mübadilə sahəsində əməkdaşlığa əlavə töhfə verə bilər.

O, həmçinin İtaliya tərəfinin ATƏT-ə sədrliyi çərçivəsində Dağlıq Qarabağ problemi ilə bağlı öz dəstəyini göstərəcəyini deyib. Bildirib ki, münaqişənin həll yolu sabit, uzunmüddətli və beynəlxalq hüquq çərçivəsində olmalıdır.

* * *

İyulun 18-də rəsmi səfər çərçivəsində təltifetmə mərasimi keçirilib. Mərasimdə Azərbaycan Prezidentinin sərəncamı ilə Sercio Mattarella Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Azərbaycanın ali dövlət mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif olunub.

Həmçinin iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə İtaliya Prezidentinin qızı Laura Mattarella “Şöhrət” ordeni, İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Enzo Moavero Milanesi isə “Dostluq” ordeni ilə təltif ediliblər. Prezident İlham Əliyev ordenləri təqdim edib.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyanın “Xidmətlərinə görə” böyük lentlə birlikdə Böyük Xaç Kavaleri ordeni və birinci xanım Mehriban Əliyevanın “Xidmətlərinə görə” Böyük Xaç Kavaleri ordeni ilə təltif edilməsi haqqında İtaliya Respublikası Prezidentinin - “Xidmətlərinə görə” ordenin rəhbərinin 2018-ci il iyulun 12-də imzaladığı sərəncamlar elan edilib. İtaliya Prezidenti Sercio Mattarella ordenləri təqdim edib.

* * *

Həmin gün iki ölkə prezidentlərinin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkının ərazisində “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışı olub. Layihənin baş podratçısı İtaliyanın “Maire Tecnimont” şirkətidir.

Prezident Sercio Mattarella ilə ADA Universitetində görüş keçirilib. Görüşdə çıxış edən qonaq bildirib ki, siyasi, iqtisadi, mədəni əlaqələr iki ölkə arasında körpülər qurur. Azərbaycan İtaliyanın tələbə təqaüdü verdiyi ölkələrdən biridir.

Rektor Hafiz Paşayev ADA Universitetinin xatirə medalını və “Bir səfirin manifesti” kitabının italyan dilində nüsxəsini Sercio Mattarellaya təqdim edib.

Sonda İtaliya hökumətinin 17 azərbaycanlı tələbəyə İtaliya universitetlərində təhsil almaları üçün təqaüd sertifikatları təqdim olunub.

İyulun 18-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə İtaliya Respublikasının Prezidenti ilə görüşüb.

* * *

İyulun 19-da Heydər Əliyev Mərkəzində iki ölkə prezidentinin iştirakı ilə Azərbaycan-İtaliya biznes forumu keçirilib.

Həmçinin Heydər Əliyev Mərkəzində Şah İsmayıl Xətaiyə həsr edilmiş sərgi açılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, İtaliya Respublikasının Prezidenti Sercio Mattarella və qızı Laura Mattarella sərgi ilə tanış olublar.

Sərgi Heydər Əliyev Fondu, Florensiyanın Uffizi Qalereyası, Heydər Əliyev Mərkəzi, İtaliyanın Mədəniyyət və Turizm Nazirliyi və İtaliyanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə təşkil edilib.

Uffizi Qalereyasının direktoru Hayke Şmidt məlumat verib ki, sərginin eksponatları arasında Şah İsmayılın və Şah Təhmasibin möhürlərinin izləri, habelə Cənubi Azərbaycan vilayətlərindən birində iqtisadi işlərin normallaşdırılması haqqında 1502-ci ildə çıxarılan fərmanın fotoşəkli var. Sərginin ən mühüm eksponatı isə Şah İsmayılın və onun oğlu Şah Təhmasibin Florensiyanın Uffizi Qalereyasından ilk dəfə Azərbaycana gətirilən iki orijinal portretidir.

* * *

İyulun 19-da İtaliya Prezidentinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Xalça Muzeyi ilə tanış olub. Muzeyin direktoru Şirin Məlikova ali qonağa xalça, qızı Laura Mattarellaya isə kəlağayı hədiyyə edib.

İtaliyanın dövlət başçısı Sercio Mattarella və qızı Laura Mattarella dünya mədəni irs abidələrindən olan İçərişəhərlə də tanış olublar.

İyulun 19-da İtaliya Prezidentinin Azərbaycana səfəri başa çatıb.