İyulun 19-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Şollerin arxivi” bədii filmi nümayiş olunub. Film almanların Cənubi Qafqazda məskunlaşmasının 200 illiyi ilə bağlı çəkilib.
Tədbirdə ssenari müəllifi, quruluşçu rejissor və baş prodüser Cəlaləddin Qasımov film barədə məlumat verib. Bildirilib ki, triller janrında çəkilən ekran əsərinin rejissoru Adil Qulamov, operatoru Fahir Səmədoğlu, montajçısı Faiq Nağıyevdir.
Filmdə Sabir Məmmədov, Əjdər Zeynalov, Şirzad Pirallahı, Rövşən Kərimduxt və başqa aktyorlar rol alıblar.
Süjet xətti ötən əsrin 40-cı illərinin əvvəlində Azərbaycanda yaşamış alman mənşəli Şollerlər ailəsinin həyatı üzərində qurulub. Filmdə alman ailəsinin timsalında insan dramı göstərilib, eyni zamanda, xalqımızın multikultural dəyərlərə sadiq qalması nəzərdən qaçmayıb. Çəkilişlər Gəncə, Göygöl, Tovuz və Bakıda aparılıb.
Rejissor Adil Qulamov, aktyor Əjdər Zeynalov və digər çıxış edənlər ekran əsərinin süjet xətti və çəkiliş prosesindən söz açıblar.
Qeyd edək ki, 2018-ci ildə çəkilən film artıq bir neçə beynəlxalq festivala təqdim edilib.