Qafqaz Müsəlmanları İdarəsində (QMİ) dini icmalarda gənclərin və yaşlıların “Qurani-Kərim”i öyrənmə kurslarının rəhbərləri və nümayəndələri ilə görüş keçirilib.

QMİ sədrinin birinci müavini Hacı Salman Musayev bildirib ki, Quran kursları yalnız məscidlərdə və onlara məxsus olan köməkçi tikililərdə bir tədris ili müddətinə təşkil edilir. Kurslarda tədris Azərbaycanda təhsil alan ali və ya orta dini təhsili olan Azərbaycan Respublikası vətəndaşı, habelə QMİ tərəfindən icazə verilən digər şəxslər tərəfindən aparılacaq.

Bildirilib ki, kursların tədris proqramı və tədris müddəti artıq QMİ tərəfindən təsdiq olunub və yaxın zamanlarda idarəyə müraciət etmiş digər dini icmalarda da Quran kurslarının fəaliyyətə başlaması məsələsinə baxılacaq. Kursların açılması barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) məlumat verilib.