Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun nəzdində türk-müsəlman xalqlarına qarşı soyqırımları problemi ilə bağlı beynəlxalq əlaqələndirmə mərkəzi fəaliyyətə başlayıb.

Bu barədə institutun direktoru, akademik Yaqub Mahmudov elmi şuranın iclasında deyib.

Diqqətə çatdırılıb ki, bu barədə qərar aprel ayında “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları və deportasiyalar” mövzusunda Qusarda keçirilən V beynəlxalq elmi konfransda qəbul olunub.

Akademik deyib ki, soyqırımı problemini daha dərindən araşdırmaq üçün dünyanın müxtəlif ölkələrindən olan alimlərin tədqiqatlarının əlaqələndirilməsi zəruridir.

Elmi şuranın qərarına əsasən, mərkəzdə soyqırımı və deportasiyalar problemi üzrə tədqiqatlar aparan tanınmış mütəxəssislər fəaliyyət göstərəcək. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının sənədləri ermənilərin törətdikləri soyqırımlarını ifşa edən əvəzolunmaz tarixi mənbədir. Mərkəz dünyanın, o cümlədən türk-müsəlman ölkələrinin soyqırımları və deportasiyaları ilə məşğul olan tədqiqatçılar arasında elmi əlaqə yaradacaq.