İyulun 24-də Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov ölkəmizdə səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.
Baş nazir bildirib ki, dost və qardaş ölkələr olan Azərbaycan ilə Türkiyə arasında çox möhkəm və sıx əməkdaşlıq əlaqələri mövcuddur. Bölgədə sabitlik, təhlükəsizlik və inkişaf üçün Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri mühüm əhəmiyyət daşıyır. Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərindən sonra ilk rəsmi səfərini Azərbaycana etməsinin ölkələrimizin qardaşlıq münasibətlərinin göstəricisi olduğunu deyən Novruz Məmmədov bunun artıq çox gözəl ənənəyə çevrildiyini diqqətə çatdırıb. Vurğulanıb ki, dövlətlərimizin başçıları hər seçkidən sonra ilk səfərlərini qarşılıqlı olaraq dost ölkələrə etməklə bu ənənəni bütün dünyaya nümayiş etdirirlər.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Novruz Məmmədovu Baş nazir təyin olunması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Yeni təyinatdan sonra ilk xarici səfərini Azərbaycana həyata keçirən Mövlud Çavuşoğlu ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində mühüm addımların atıldığını vurğulayaraq deyib ki, xalqlarımızın və dövlətlərimizin başçılarının sıx dostluq və qardaşlıq əlaqələri münasibətlərimizin daha da möhkəmlənməsində mühüm rol oynayır. Bu münasibətlərin bariz nümunəsinin Türkiyə və Azərbaycan prezidentlərinin bu yaxınlarda Brüsseldə keçirilən NATO Zirvə görüşündə bir daha şahidi olduq.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.