Xəbər verdiyimiz kimi, fevralın 11-dən Mədəniyyət və Turizm Nazirliyi və Bakı Şəhər Baş Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə paytaxtın orta məktəbləri üçün \"Cizgi filmləri həftəsi\" keçirilir.
Fevralın 14-də növbəti tədbir Mərdəkan Mədəniyyət Sarayında baş tutdu. Xəzər rayonu 183 saylı məktəbin aşağı sinif şagirdləri üçün təşkil olunan nümayiş alqışlarla qarşılandı. Öncə qeyd edim ki, bina yaraşığı və şəraiti ilə diqqət çəkirdi. Rahat, geniş və hər cür texnika ilə təchiz olunmuş məkanda film seyr etməyin zövqü də başqadır.
Təxminən 300 şagirdin toplaşdığı zalda uşaq həyəcanını görmək xoş təsir bağışlayırdı. Hələ nəyə baxacaqlarını bilmirdilər və əksəriyyəti Azərbaycan cizgi filmləri haqqında az məlumatlıdır. Elə bu səbəbdən onlarla birgə nümayiş olunan 4 cizgi filmini (30 dəqiqəlik proqram) izləyib sonra fikirlərini öyrənməyi qərara aldıq. Zalda məktəbin Azərbaycan və rus bölməsinin şagirdləri ilə yanaşı, müəllimlər, valideynlər də var. Nəhayət, işıqlar sönür və uşaqların alqışları insanda qeyri-ixtiyari sevinc yaradır.
“Səmada şəkil” dialoqsuz cizgi filmi uşaqların diqqətini çəkməyi bacardı. Növbəti cizgi filmlərinin nümayişi zamanı zalda tam sakitlik var idi. “Siçan və pişik” xalq nağılı əsasında səhnələşdirilən eyniadlı filmin süjeti yəqin ki, azyaşlılara məlumdur. Onu ekranda seyr etmək onlar üçün daha maraqlı idi. Siçanın pişiyə xəyanəti ilə aralarında başlanan ədavəti göstərən film dostluqda xəyanətin yolverilməz olduğunu diqqətə çatdırır. “İtlərin sərgisi” isə azadlığı, sərbəst seçimin önəmini önə çəkir.
“Balaca ev” isə müasir zamanla tam ayaqlaşan ssenari əsasında çəkilmiş cizgi filmidir (ssenari Lalə Rüstəmova). Yeni tikilən binaların kölgəsindəki köhnə, birmərtəbəli tikili günəşi görməyə həsrət qalır. Çünki göydələnlər günəşin qarşısını bağlayıb. Yeni binalar hər gecə işıqları, genişliyi, mənzil və eyvanlarının sayı ilə öyünəndə köhnə, balaca tikili utanır. Üzərindəki cızma-qaradan məlum olur ki, vaxtilə kitabxana olan bina indi işləmir. Qapısı qıfıllıdır. Günlərin birində isə balaca, köhnə binanı hasara alırlar. Ətrafdakı binalar onun söküləcəyini, yerində möhtəşəm göydələnin tikiləcəyini düşünərək həm də paxıllıq etməyə başlayırlar ki, birdən yeni tikiləcək bina möhtəşəmliyi ilə onları kölgədə qoyar. Səhərlərin birində isə yuxudan oyanan binalar gözlərini qamaşdıran parıltının haradan düşdüyünü müəyyən etməyə çalışırlar. Məlum olur ki, köhnə, balaca bina təmir olunub və daha yaraşıqlı kitabxanaya çevrilib.
Nümayiş olunan 4 cizgi filmi süjet xətti, dramaturji və musiqi həllinə görə peşəkar səviyyədə idi. Yarım saatlıq nümayiş diqqətlə izlənildi. Məktəblilərin filmlər haqqında fikirləri də maraqlı oldu.
Nərmin Kazımova (3-cü sinif şagirdi) - Birinci dəfədir Azərbaycan cizgi filminə baxmağa gəlirəm. “Balaca ev” çox xoşuma gəldi. İstərdim tez-tez olsun, biz də gəlib baxaq.
Mədinə Dadaşova (3-cü sinif şagirdi) - Televiziyada bir neçə cizgi filmimizi izləmişəm. Bu gün baxdıqlarımdan “Siçan və pişik”, “Balaca ev” xoşuma gəldi.
Suad Məmmədzadə (3-cü sinif şagirdi) - Nağıllarımızın cizgi filmlərini görmək istərdim. Həmişə oxuyuruq, məktəbdə keçirik. Yaxşı olardı ki, həm də televiziyada baxaq.
Nərmin Dadaşova (4-cü sinif şagirdi) - “Siçan və pişik” filmini bəyəndim. Evdə cizgi filmlərinə çox baxıram. Amma sinif yoldaşlarımla bir yerdə gəlib baxmaq lap maraqlıdır.
Murad İsayev (4-cü sinif şagirdi) - Hamısını bəyəndim. İstərdim belə nümayişlər tez-tez olsun. Evdə baxmaqdansa, burada izləmək daha maraqlıdır.
Valideynlər, müəllimlər də razı idilər. Valideyn Arzu Dadaşova bildirdi ki, uşaqlar üçün bir yerdə gəlib film seyr etmək olduqca maraqlıdır, asudə vaxtlarını səmərəli keçirirlər: “Bizim çox maraqlı nağıllarımız var. “Şəngülüm, Şüngülüm, Məngülüm”, “Göyçək Fatmanın nağılı” və s. Yaxşı olardı ki, nağıllara cizgi filmləri çəkilsin və belə nümayişlər təşkil olunsun. Milli cizgi filmlərinin tərbiyəvi əhəmiyyəti çoxdur”.
Mərdəkan Mədəniyyət Sarayının direktoru Əliağa Mirzəyev bildirdi ki, uşaqlar, gənc nəsil üçün bu cür tədbirlər mütəmadi təşkil olunmalıdır: “Əvvəllər proqram var idi və uşaqlar həftəsonu, hətta ara günləri dərsdən sonra filmlərə baxırdılar. Həmin ekran əsərləri, o cümlədən cizgi filmləri xüsusi olaraq seçilirdi və tərbiyəvi əhəmiyyəti olurdu. Son illər, demək olar ki, ilk dəfədir bu cür nümayiş təşkil olunur. İndi avadanlıqlarımız da yenidir. Nümayiş üçün hər cür şərait var. Milli cizgi filmlərimizin, bədii filmlərimizin nümayişini müsbət hal kimi qiymətləndirirəm. Milli cizgi qəhrəmanlarımızı görmək, tanımaq uşaqlar üçün daha yaxşı olardı. Təşkilatçılara minnətdarlığımı bildirirəm”.
Qeyd edək ki, fevralın 15-də Nizami Kino Mərkəzində uşaq evləri və internat məktəblərinin şagirdləri üçün həftənin yekun tədbiri - “Cizgi filmləri bayramı” təşkil olunacaq.
Reyhan İsayeva