Bu gün Azərbaycan jurnalistlərinin səsi beynəlxalq mətbuat aləmindən gəlir

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 22 iyul – Milli Mətbuat Günü münasibətilə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Fondun icraçı direktoru Vüqar Səfərli çıxış edərək KİVDF-nin fəaliyyət göstərdiyi 9 ildən artıq müddətdə dövlətin mətbuatın inkişafı üçün 35 milyon manatdan çox vəsait ayırdığını diqqətə çatdırıb. Bildirib ki, bu vəsait əsasən çap mediasının inkişafına, maddi-texniki bazasının möhkəmləndirilməsinə yönəldilib. Fond mütəmadi olaraq müsabiqələr təşkil edir. Budəfəki müsabiqə 19 istiqamət üzrə keçirilib. Müsabiqəyə ümumilikdə 162 yazı təqdim edilib, müvafiq istiqamətlər üzrə 114 yazı mükafata (1, 2 və 3-cü yerlər) layiq görülüb.

Sonra mükafatlar təqdim edilib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, bu il Azərbaycan öz dövlətçilik tarixinin mühüm mərhələsini təşkil edən Xalq Cümhuriyyətinin 100 illiyini qeyd edir. Azərbaycan mediasının tarixi Azərbaycan Xalq Cümhuriyyətindən bir az da irəli gedir. 1875-ci ildə maarifçi alim, qabaqcıl ziyalı Həsən bəy Zərdabinin bilavasitə təşəbbüsü ilə “Əkinçi” qəzeti yaradılıb. “Əkinçi”yə gedən yol milli, mədəni, mənəvi inkişafın nəticəsi idi. Azərbaycan Rusiya imperiyasının tərkibində olan zaman xalqımızın maariflənməsini heç də istəmirdilər və buna görə də “Əkinçi” qəzeti cəmi iki il fəaliyyət göstərdi. Ancaq “Əkinçi”nin bağlanması ilə Azərbaycan mediası öz inkişafını dayandırmadı. “Əkinçi” məktəbində formalaşan ziyalılar bu yolu davam etdirdilər.

Xalq Cümhuriyyəti dövrünün də milli mətbuatın inkişafına töhfə olduğunu deyən Əli Həsənov əlavə edib ki, Cümhuriyyətin süqutu və Azərbaycanın sovetləşməsindən sonra sosializm prinsiplərinə əməl edərək imkan verilən çərçivədə mediamızı, milli-mənəvi dəyərlərimizi inkişaf etdirmək məcburiyyətində qaldıq. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dönəmində - 1978-ci ildə Azərbaycan dilinin dövlət dili elan edilməsi milli medianın inkişafına böyük təkan verdi.

Prezidentin köməkçisi daha sonra deyib: “Müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycanda müstəqil media nümunələri də yaranmağa başladı. 1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan mediası üzərindən bütün dövlət tənzimləmə mexanizmlərinin ləğv edilməsi, senzuranın aradan qaldırılmasından sonra Azərbaycan mediasında yeni inkişaf mərhələsi başladı. Bu gün Azərbaycan mediasının qabaqcıl nümunələri dünyanın istənilən media məkanında rəqabət aparmaq qabiliyyətinə malikdir. Azərbaycan jurnalistlərinin səsi dünyanın media aləmindən gəlir. Bu işdə Prezident İlham Əliyevin yürütdüyü azad media, plüralist cəmiyyət siyasətinin önəmli rolu var. Prezident İlham Əliyev mediaya xüsusi diqqət, qayğı göstərir”.

Tədbirdə türkiyəli media təmsilçilərinin də iştirak etdiyini diqqətə çatdıran Əli Həsənov bildirib ki, bu gün Azərbaycan və Türkiyə mediası dövlətlərimizin mənafeyini birgə müdafiə edir, birgə çıxış edirlər.

Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral Azərbaycan jurnalistlərini Milli Mətbuat Günü münasibətilə təbrik edib. Səfir ölkələrimiz arasında qardaşlıq münasibətlərinin daha da inkişafının məmnunluq doğurduğunu vurğulayıb.

Tədbir bədii hissə ilə davam edib.