Növbəti film festivalına start verildi
   
   Fevralın 18-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində (AQUPDK) “Azərbaycan ailəsi” beşinci film festivalının açılış mərasimi keçirilib. Festival Heydər Əliyev Fondu, Dövlət Komitəsi və BMT-nin Əhali Fondunun birgə layihəsidir. 

   AQUPDK sədrinin müavini Aynur Sofiyeva 2009-cu ildə əsası qoyulan festivalın geniş maraq doğurduğunu, ötən dövrdə ümumilikdə festivala 108 film təqdim edildiyini deyib. Müsabiqənin məqsədi ailənin cəmiyyətdəki yerinə, ailə dəyərlərinə ictimaiyyətin diqqətini artırmaq, cəmiyyətdə ailə məsələləri ilə bağlı mövcud problemlərin önə çəkilməsi, ölkədə maarifləndirmə işlərinin aparılması üçün videomateriallardan ibarət fondun zənginləşdirilməsidir.
   Dövlət Film Fondunun sədri, Əməkdar incəsənət xadimi Cəmil Quliyev festivalın böyük nüfuza malik olduğunu və artıq beynəlxalq tədbirə çevrildiyini qeyd edib.
   Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova qeyd edib ki, təqdim olunan filmlərin mövzusu müsabiqənin ideya və məqsədinə uyğun olmaqla yanaşı, ailənin qorunmasını, milli-mənəvi dəyərləri, Azərbaycana məxsus möhkəm ailə dayaqlarını tərənnüm etməlidir. O, müsabiqədə yaş məhdudiyyəti qoyulmadığını, festivalın ideyasını və məqsədini dəstəkləyən həvəskar və peşəkar rejissorlar, həmçinin tələbələrin iştirak edə biləcəklərini nəzərə çatdırıb. Xalq artisti kino sənətini əks etdirən belə layihələrə həmişə dəstək verəcəklərini vurğulayıb.
   Festival “Ən yaxşı film” (son iki ildə çəkilən bədii, qısametrajlı və sənədli filmlər), “Ən yaxşı televiziya proqramı” (televiziya məkanında ailə mövzusunu geniş işıqlandıran silsilə verilişlər), “Ən yaxşı sosial çarx” (son iki ildə çəkilən, ailə dəyərlərini, eləcə də ailədə baş verən problemləri əks etdirən), “Ən yaxşı xarici film” nominasiyaları üzrə keçirilir.
   İşlər doldurulmuş anketlə birlikdə DVD formatında, yazılışı və səsləndirilməsi dəqiq olmaq şərti ilə aprelin 22-dək Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə - toffice@scfwca.gov.az. elektron ünvanına təqdim edilməlidir.
   Təqdim olunan işləri Xalq artisti Şəfiqə Məmmədovanın sədrliyi ilə ictimaiyyətin tanınmış nümayəndələrindən ibarət münsiflər heyəti seçəcək.
   “Azərbaycan ailəsi” film festivalına may ayında yekun vurulacaq, qaliblər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.