İyulun 20-də Lənkəran Dövlət Dram Teatrının yaradıcı kollektivi özünün 127-ci mövsümünü başa vurub. Bağlanış mərasimində teatrın direktoru Tofiq Heydərov, quruluşçu rejissor – Əməkdar artist Adil Zeynalov kollektivin mövsümdə əldə etdiyi uğurlardan və qarşıda duran vəzifələrdən söz açıblar.

Qeyd olunub ki, mövsüm kollektiv üçün uğurlu keçib. Ötən ilin dekabrında teatr İranın Həmədan şəhərində keçirilən 24-cü Beynəlxalq Uşaq və Gənclər Teatr Festivalında Pərvin Nurəliyevanın “Dəcəl keçi” tamaşası ilə çıxış edərək diplomla mükafatlandırılıb. Teatrın Lerik və Astara rayonlarında Hafiz Mirzənin “Moskvalı gəlin” tamaşası ilə çıxışı da maraqla qarşılanıb. Bu mövsümdə teatrda yeni – “Danabaş kəndinin məktəbi”, “Şaxta baba və pərilər”, “Korlar”, “Qaraca qız və xallı ifritə” tamaşaları təhvil verilib. Ölkə başçısının sərəncamı ilə teatrın aparıcı aktyoru Niftulla Əsgərovun “Əməkdar artist” fəxri adına layiq görülməsi həm də  kollektivin uğurudur.

Daha sonra quruluşçu rejissor Adil Zeynalov, aktrisa Qızılgül Quliyeva, artist Səyyad Əliyev və gənc rejissor Emil Əsgərov müvafiq nominasiyalarda fəxri fərmanlarla təltif olunublar.

Teatr mövsümü Belçika yazıçısı, Nobel mükafatı laureatı Moris Meterlinkin “Korlar” tamaşasının nümayişi ilə başa vurub. Rejissor Emil Əsgərovun Lənkəran səhnəsində debütü olan tamaşada rolları Xalq artisti Qabil Quliyev, Əməkdar artist Sucəddin Mirzəyev, aktyorlar Şahrud Mehdiyeva, Əbülfəz Axundov, Əlibala Əsgərov, Qızılgül Quliyeva, Aynur Əhmədova, Emin Fərzullayev, Aysel Cahangirova, Günel Abbaszadə və Ülkər Quliyeva ifa ediblər.

Tamaşanın quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.