Hollandiyanın Harlem şəhərindəki Montssori kollecində məşhur şairə Xurşudbanu Natəvanın poemaları əsasında Şuşa ab-havası yaradılıb.
Hollandiyadakı Azərbaycanın Dostları Cəmiyyətinin (Dutch Friends of Azerbaijan - DufoA) sədri Marion Fan der Fextin rəhbərliyi ilə səhnələşdirilmiş “Xarı & Bülbül” teatr tamaşası kollecin məzunları tərəfindən hazırlanıb. İki gün təqdim olunan tamaşanın səhnə dekorasiyası milli ornamentlərimiz, xalçalarımız və kəlağayılarımızdan ibarət olub.
Səhnə əsərində Xarı və Bülbül bacıları rolunu oynayan məzunlar Şuşa mühiti yaradaraq, böyük çinar ağacı altında Qara Qarayevin musiqiləri fonunda Natəvanın şeirlərini oxuyub, ölkəmizin tarixi və mədəniyyəti haqqında məlumat veriblər.
Tamaşada Xarı yeni gözəl güllər yaratmaqla məşğul olur. Bülbül isə musiqili səsi ilə məşhurdur. Bülbül oxuyanda ətrafdakıların sanki nəfəsi donur. Qızlar xalaları şairə Natəvanın söhbətlərini xatırlayırlar, onun doğma şəhəri Şuşada təşkil etdiyi məclislərdən söz açırlar.
Tamaşaçılar maraqlı tarixi əhvalatın şahidi olur və muğam, eləcə də məşhur şairə Natəvanın əsərlərini dinləyirlər.
Təqdimatın sonunda tamaşaçılara ölkəmiz, Şuşa şəhəri haqqında maraqlı suallar verilib. Qaliblərə hədiyyələr təqdim olunub.
Hollandiya Azərbaycanın Dostları Cəmiyyətinin sədri Marion Fan der Fext belə layihələrin mütəmadi təşkil ediləcəyini bildirib.
Sonda tamaşaçılar milli təamlarımıza qonaq ediliblər.