Gürcüstanda ilk dəfə Azərbaycan və gürcü dillərində nəşr edilən “Şəfəq-Sxivi” və “Körük” jurnallarının təqdimat mərasimi olub. Gürcüstan Yazıçılar Birliyində (GYB) keçirilən tədbirdə Azərbaycan və Türkiyədən yazıçılar, Kvemo Kartli-Borçalı bölgəsi qubernatorunun müavini Zaur Darğallı və digər rəsmi şəxslər iştirak ediblər.

Gürcüstan Yazıçılar Birliyinin sədri Bağatur Arabuli Azərbaycan və Gürcüstan arasında dostluq əlaqələrindən danışıb, Tbilisidə Azərbaycan dilində jurnalların nəşrini mühüm hadisə adlandırıb. Bildirib ki, GYB-də Azərbaycan bölməsinin yaradılması, Azərbaycan Tərcümə Mərkəzinin direktoru, yazıçı Afaq Məsudun iştirakı ilə Tbilisidə “Müasir Azərbaycan nəsri antologiyası”nın təqdimatının keçirilməsi, şair və yazıçılarımızın əsərlərinin Azərbaycan və gürcü dillərinə tərcümə olunması ölkələrimiz arasında mədəni əlaqələrin yüksək səviyyəsindən xəbər verir.

Qeyd olunub ki, “Şəfəq-Sxivi” jurnalının ilk nömrəsində Azərbaycan yazıçıları ilə yanaşı, gürcü klassiklərindən Vaja Pşaveli, poeziya incilərindən Qalaktion Tabidze, tənqidçilərdən Zaal Borkoveli və başqalarının əsərlərinin Azərbaycan dilində dərc olunması gürcü ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib.

Gürcüstan Yazıçılar Birliyi Azərbaycan bölməsinin rəhbəri, yazıçı-publisist Allahverdi Təhləli jurnalın ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlıq edib. O, Azərbaycan və gürcü xalqlarının oxşar taleləri, ədəbi mühiti, mədəni əlaqələrimizin inkişaf perspektivləri barədə məlumat verib.

Kvemo Kartli-Borçalı bölgəsi qubernatorunun müavini Zaur Darğallı Azərbaycanda gürcü ədəbiyyatının, eləcə də Gürcüstanda Azərbaycan mədəniyyətinin eyni dərəcədə sevildiyini bildirib, bu istiqamətdə layihələrin vacibliyini vurğulayıb.