Xəbər verdiyimiz kimi, fevralın 11-dən 15-dək Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhər Baş Təhsil İdarəsi və “Azanfilm” studiyasının birgə təşkilatçılığı ilə "Cizgi filmləri həftəsi" keçirilib. Fevralın 15-də Nizami Kino Mərkəzində uşaq evləri və internat məktəblərinin şagirdləri üçün həftənin yekun tədbiri - “Cizgi filmləri bayramı” təşkil olundu.
Yekun tədbir maraqlı proqramla yadda qaldı. Mərasim kino mərkəzinin foyesində uşaq rəqs qrupunun çıxışı ilə başlandı. Burada nümayiş olunan rəsmlərdə isə nağıl qəhrəmanlarımız canlandırılmışdı.
Sonra mərasim kino zalında konsert proqramı ilə davam etdi. Balaca gimnastlar, nağaraçılar, vokal qrupu, sehrbaz Elmar İbrahimovun illüziya proqramı, “Şənlik” rəqs qrupunun çıxışları uşaqların marağına səbəb oldu.
Tədbirdə uşaqlara hədiyyələr təqdim olundu. “Colgate-Palmolive” şirkəti də azyaşlıları öz hədiyyələri ilə sevindirdi. Konsertdən sonra proqramda nəzərdə tutulmuş Azərbaycan cizgi filmləri - “Səmada şəkil”, “Siçan və pişik”, “İt sərgisi”, “Balaca ev” nümayiş olundu. Cizgi filmləri alqışlarla qarşılandı. Zaldan çıxan uşaqlara isə şarlar verildi. "Cizgi filmləri həftəsi"nin yekun tədbiri uşaqlara əsl bayram sevinci yaşatdı.
Mərasimdən sonra jurnalistlərə məlumat verən “Azanfilm” cizgi filmləri studiyasının direktoru Fariz Əhmədov bildirdi ki, həftə ərzində nümayiş olunan filmlər məktəblərdə maraqla qarşılanıb: “Layihəni həyata keçirməklə tamaşaçı rəyi toplayaraq studiyanın gələcək iş planını qurmağa çalışacağıq. Nümayişlərdən sonra təşkil olunan müzakirələrdə hansı yaş qrupuna nəyin maraqlı olduğunu müəyyən etməyə çalışırdıq. Həmçinin uşaqlarda kinoteatr mədəniyyətini formalaşdırmağa yol açmaq istədik”.
Fariz Əhmədov bildirdi ki, “Cizgi filmləri həftəsi” paytaxtın 8 məktəbini əhatə edib. Təqdim olunan cizgi filmləri müxtəlif illərdə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilib. Hər hansı Avropa studiyasının istehsal etdiyi filmin büdcəsi və kadr potensialı ilə müqayisə etdikdə Azərbaycanda son illərdə çəkilmiş filmlər heç də keyfiyyət baxımından onlardan geridə qalmır. “Azanfilm”in direktoru layihənin gələcəkdə davam edə biləcəyini dedi.
Reyhan İsayeva