UNESCO-nun layihəsi çərçivəsində treninq keçirilib
UNESCO-nun “Qlobal məqsədlər”ə aid qida məhsulları sahəsində “Dünyanın ən böyük dərsi” çərçivəsində Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda “Hər yeməyin öz tarixçəsi” mövzusunda təlim keçirilib.
İnstitutun şöbə müdiri Elçin Sərdarov bildirib ki, treninq təbiət elmləri, coğrafiya və digər fənn müəllimləri üçün nəzərdə tutulub. İştirakçılara “Sağlamlıq və rifah”, “Keyfiyyətli təhsil”, “Səmərəli istehsal və istehlak” və digər mövzularda məlumat verilib, “Ərzaq və qlobal məqsədlər”lə bağlı qruplarda təcrübi işlər aparılıb. Müəllimlər təlimdən sonra müvafiq mövzu ilə bağlı dərslər keçəcəklər.
Qeyd edək ki, BMT dünyamızın simasının dəyişdirilməsi, iqtisadi gerilikdən əziyyət çəkən dövlətlərin iqtisadi cəhətdən inkişaf etdirilməsi, yoxsulluqdan əziyyət çəkənlərin bundan xilas olması, xəstəliklərin tüğyan etdiyi ölkələrdə xəstəliklərin kökünün kəsilməsi və bütövlükdə dünyada iqtisadi inkişafın, ədalətin təmin edilməsi məqsədlərini 2030-cu ilədək hədəfə götürən 17 məqsəd və 169 hədəf müəyyənləşdirib. Azərbaycan da daxil olmaqla 2015-ci il sentyabrın 25-də BMT-nin 193 üzv dövləti “2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyi”ni qəbul edib.